...

Müxalifət liderləri ATƏT-in fəaliyyətdə olan sədri ilə görüş keçiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxalifətin mövqeyini öyrənmək üçün siyasi partiya liderləri ilə görüşə bilər. Bu məsələ müxalifət liderlərinin bu gün ATƏT-in fəaliyyətdə olan sədri Miqel Anxel Moratinosla keçirilən görüşündə müzakirə olunub.

Görüşdə iştirak edən Azərbaycan Liberal partiyasının lideri Lalə Şövkət jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsləhətləşmələr aparılması üçün Azərbaycan prezidenti ilə müxalifət liderlərinin görüşünün baş tutacağına ümidlidir. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxalifətin vahid konsepsiyasının olduğunu deyən Lalə Şövkət bildirib ki, problem Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, Dağlıq Qarabağda ayrıca referendum keçirilərsə, Azərbaycan tərəfi uduzacaq. Lalə Şövkət həmçinin bildirib ki, ATƏT sədri ilə görüşdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən MSK-nın tərkibinin paritet əsaslarla formalaşdırılması, azad mətbuata qarşı basqı məsələləri də müzakirə olunub. Onun sözlərinə görə, müzakirələr zamanı müxalifət liderləri Azərbaycanda siyasi partiyaların fəaliyyətinə məhdudiyyətlərin qoyulduğunu ATƏT sədrinin nəzərinə çatdırıblar. Görüşdə həmçinin Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev, politoloq Eldar Namazov və ASDP həmsədri Araz Əlizadə iştirak edib.

Xəbər lenti

Xəbər lenti