...

Ermənistan XİN başçısı: "Qarabağ danışıqlarında nizamlanma prinsiplərinə dair üç səhifəlik sənəd müzakirə olunur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2007 12:58 (UTC +04:00)

Qarabağ danışıqlarında münaqişənin nizamlanmasının əsas prinsiplərini əks etdirən üç səhifəlik sənəd müzakirə olunur. Bu sözləri Ermənistanın "Kentron" teleşirkətinə müsahibəsində Ermənistan xarici işlər naziri Vardan Oskanyan deyib.

"Bu gün danışıqlar masasında özündə münaqişənin nizamlanmasının bütün mümkün prinsiplərini əks etdirən üç səhifəlik sənəd var. Kifayət qədər mürəkkəb olan bu sənəd Ermənistan və Azərbaycan xarici işlər nazirləri, habelə prezidentləri səviyyəsində aparılan danışıqlar prosesinin nəticəsidir" - deyə Oskanyan bildirib.

Nazir hesab edir ki, razılaşdırılmış və razılaşdırılmamış məsələlərin analizi müvafiq sənədi həyata keçirməyin mümkünlüyünə əsas verir.

"Əgər bu sənədə əsaslansaq, məndə müəyyən nikbinlik var və güman etmək olar ki, prezidentlər səviyyəsində aparılan müzakirələr əsasında hansısa irəliləyişlər var. Sənəd məntiqə və kompromisə əsaslanır. Doğrudur, sənəd tərəflərin tələblərinə tam cavab verməsə də, onların hər birinə elə bir şey verir ki, onun əsasında tərəflər həmin sənədi öz xalqlarına təqdim edə bilərlər" - deyə Oskanyan bildirib.

Ermənistan XİN rəhbəri onu da əlavə edib ki, çoxsaylı irəliləyişlərə baxmayaraq, hələlik razılaşdırılmamış məsələlər var və tərəflər ən çətin problemləri həll etməli olacaqlar.

"Novosti-Armeniya" agentliyinin məlumatına görə, danışıqlar masası üzərindəki sənəd paket yanaşmanı nəzərdə tutur. "Burada zaman növbəliyi mümkündür. Ancaq bütün suallara öncədən cavab verilməlidir" - deyə o vurğulayıb.

Ermənistan XİN rəhbəri hesab edir ki, Dağlıq Qarabağ əhalisinin referendum yolu öz müqəddəratını təyin etmək hüququ, Dağlıq Qarabağın Ermənistanla fasiləsiz nəqliyyat əlaqəsini təmin edən dəhliz və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi ilə bağlı bütün suallara cavab olmasa, başqa problemlərdən danışmaq olmaz.

Onun sözlərinə görə, Qarabağ nizamlanmasının əsasına qoyulmuş bu üç prinsip şərt deyil, problemin həllinin məntiqi izahatıdır.

Xəbər lenti

Xəbər lenti