Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri, habelə Moldovanın baş naziri GUAM dövlətlərinin ərazilərində mövcud münaqişələrlə bağlı bəyanat veriblər. Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakıda bəyan edib ki, münaqişələrin nizamlanması Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır.
Onun sözlərinə görə, əgər qeyri-leqal ərazilər GUAM dövlətlərinin iqtisadi böhran keçirdiyi vaxtlarda tanınmayıblarsa, indi, onların möhkəmlənmə dövründə bu, ümumiyyətlə alınmayacaq. Dövlət başçısı GUAM-ın bu münaqişələrin nizamlanmasındakı rolunu qurumun siyasi çəkisi və iqtisadi inkişafı ilə səciyyələndirib.
Ukrayna prezidenti Viktor Yuşenko isə bəyan edib ki, münaqişələrin nizamlanmasının yeganə formulu var. Bu, ərazi bütövlüyünün tanınmasıdır. Yuşenko dialoq aparılmasının vacibliyini də önə çəkib. "Siyasi komponent ona görə çox vacibdir ki, heç kim münaqişələrin nizamlanmasının eksklüziv modelini tətbiq edə bilməsin" - deyən Ukrayna prezidenti həmçinin ümumi qərar olduğu halda yaradılacaq GUAM sülhməramlı qüvvələrinin bu məsələyə cəlb edilməsinin mümkünlüyünü vurğulayıb.
Öz növbəsində Moldovanın baş naziri Vasili Tarlev qeyd edib ki, bunlar kənardan dəstək alan süni yaradılmış münaqişələrdir. O, separatçılığı terrorçuluq tərəfindən maliyyələşdirilən mənbə kimi xarakterizə edərək GUAM-ın buna təsir etmək imkanına malik olduğunu deyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə bəyan edib ki, GUAM dövlətləri siyasi, iqtisadi potensialla yanaşı hərbi potensiala da malikdir. "Sərhədlərlə oynamaq və insanları aldatmaq lazım deyil" - deyə o vurğulayıb. Cənubi Osetiya münaqişəsinə toxunun Saakaşvili məsələnin yaxın zamanlarda həll ediləcəyini söyləyib.
İnsanlar arasında birgə yaşayış üçün problemlərin olmadığını deyən Gürcüstan prezidenti qeyd edib ki, Cənubi Osetiyada yalnız kriminal keçmişə malik bir neçə adamın konkret cinayət əməlləri var.
Saakaşvili bildirib ki, osetinlərə arzuladıqları hər şeyi verəcək. O ümidvar olduğunu bildirib ki, Cənubi Osetiyadakı münaqişənin nizamlanması digər GUAM ölkələri üçün nümunə olacaq.