...

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Metyu Brayzanın belə bir fikir səsləndirməsi inandırıcı deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2007 12:01 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: "Metyu Brayzanın belə bir fikir səsləndirməsi inandırıcı deyil"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / "Vremya novosti" qəzetində dərc olunan fikirlərin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Metyu Brayzaya məxsus olduğu təsdiqlənsə, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi buna sərt reaksiya verəcək. Bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov məlumat verib.

Bəhmənov hesab edir ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır: "Mən inanmıram ki, ABŞ kimi bir dövlətin təmsilçisi belə bir fikir söyləsin. Çünki ABŞ da daxil olmaqla düyna ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər Brayzanın belə bir fikir söylədiyi təsdiqlənsə amerikalı həmsədr Dağlıq Qarabağın azərbaycanlı icmasının sərt reaksiyası ilə üzləşəcək".

İcma rəhbəri bildirib ki, amerikalı həmsədr belə bir müsahibə veribsə, onda səlahiyyətlərini aşıb. Onun sözlərinə görə, tam araşdırma nəticəsində məsələ öz təsdiqini taparsa, Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan cəmiyyəti buna sərt reaksiya verəcək: "Hazırda dövlət səviyyəsində bu məsələ araşdırılır".

İcma rəhbərinin sözlərinə görə. ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəllər də buna oxşar bəyanatlar səsləndiriblər və danışıqlarda manevr etmək istəyiblər: "Mən Brayzanın da diplomatik manevr etdiyini istisna etmirəm. Amma biz belə bir manevrləri qəbul etmirik və buna qəti etirazımızı bildiririk".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Brayza Rusiyanın "Vremya novosti" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağdakı vəziyyəti 18-ci əsrdə ABŞ-da olan durumla müqayisə edib. Bundan başqa, Dağlıq Qarabağın müstəqil olmasının mümkünlüyü haqda danışıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti