Azərbaycan, Bakı / Trend , müx. K.Ramazanova/ Ruhi xəstə olan azərbaycanlılar əsirlikdən azad olunmalıdır. Bunu Trend ə müsahibəsində Avropa Şurasının Parlament Assambleyasının Cənubi Qafqazda itkin düşənlərin məsələləri üzrə məruzəçisi Leo Platvoet deyib.
"Ruhi xəstəliklərdən əziyyət çəkən insanlar əsirlikdə yox, xüsusi xəstəxanalarda olmalıdırlar" - deyə Platvoet elektron poçtla müsahibəsində vurğulayıb.
Erməni əsirliyində iki ruhi xəstə azərbaycanlı əsir var: avqustun əvvəlində əsir düşən Anar Əliyev və iyulun əvvəlində erməni silahlı qüvvələrin əsirliyinə düşən Əşrəf Cəfərov. Hər iki əsir mülki şəxsdir.
"Əgər Ermənistanla Azərbaycan Avropa strukturları və NATO-nun bir hissəsinə çevrilməyə hazırlaşırlarsa, onlar əsgərləri əsir götürməyə son qoymalıdırlar" - deyə Platvoet bildirib.
Hər iki ölkənin əsirliyində beş nəfər var. Ermənistandakı əsirlər arasında ötən ilin dekabrında əsir düşən Samir Məmmədov saxlanılır. Azərbaycanda isə iki erməni əsir var - qondarma Dağlıq Qarabağ respublikasının özünümüdafiə ordusunun əsgəri Ambarsum Asaturyan (avqustun əvvəlində əsir düşüb) və mülki şəxs Valerii Süleymanyan (mayda əsir düşüb).
İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır.