...

Azərbaycanda hesab edirlər ki, Levon Ter-Petrosyanın hakimiyyətə qayıtması mümkün olmayacaq

Siyasət Materials 22 Sentyabr 2007 13:40 (UTC +04:00)
Azərbaycanda hesab edirlər ki, Levon Ter-Petrosyanın hakimiyyətə qayıtması mümkün olmayacaq

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanda hesab edirlər ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın yenidən hakimiyyətə qayıtması mümkün olmayacaq.

Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şənbə günü Trend ə bildirib ki, Ermənistanda proseslər demokratik formada getmir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə tərəfdar olan siyasi qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsinə hələlik inam azdır: "Qərb ölkələri də Ermənistanda proseslərin demokratik qaydada getməməsinə göz yumur və buna konkret, obyektiv mövqe bildirmir. Ermənistanda bir şəbəkə var və onlar, qəbul olunmayan metod və vasitələrlə, müxtəlif formada cəmiyyəti idarə edirlər", -deyə Məmmədov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı, Azərbaycanla "mərhələli sülh" sazişi imzalamaq istəyirdi. "Mərhələli plan"a əsasən, Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağ ətrafında yerləşən və işğal olunmuş rayonlardan geri çəkiləcəkdi, iki ölkə arasında kommunikasiya xətləri bərpa olunacaqdı. Daha sonra isə, Dağlıq Qarabağın statusuna dair müzakirələr başlamalı idi. Lakin Ermənistanda olan separatçı qüvvələr 1998-ci ilin sonunda Ter-Petrosyanı istefa verməyə məcbur etdilər və bu planın həyata keçirilməsi baş tutmadı.Ter-Petrosyan Ermənistana 1991-ci ildən rəhbərlik edirdi.

Ter-Petrosyan cümə günü Yerevanda bildirib ki, hazırda Ermənistanı mafioz və korrupsiyaya uğramış rejim idarə edir. "Bizim qarşımızda bu sistemi dağıtmaq və ondan azad olmaq məqsədi durur",- deyə Petrosyan əlavə edib.

Onun fikrincə, Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Eks-prezident bəyan edib ki, Türkiyə, Azərbaycan və İranla sərhədlər açılmadan, Ermənistanın iqtisadi inkişafına nail olmaq mümkün deyil. Ter-Petrosyan qeyd edib ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Məmmədov isə hesab edir ki, Ter-Petrosyanın siyasi fəallıq nümayiş etdirməsi məntiqi və təbii prosesdir. Çünki bu gün ermənilər Ermənistanın separatçı rəhbərlərinin girovuna və qurbanına çevrilib: "Bu proses uzun müddət davam edə bilməz və praqmatik düşüncəsi olan bir lider bunun qarşısına almalıdır. Erməni xalqı da əvvəl-axır başa düşəcək ki, onlar öz üzdən- iraq rəhbərlərinin girovuna və qurbanına çevriliblər. Amma, hələlik, ermənilərdə bunun səbəbini başa düşmək meyilləri azdır. Bunun da səbəbləri var, qorxurlar, hansısa başqa amillər buna mane olur. Erməniləri düşdükləri bu vəziyyətdən kimin çıxaracağını isə. deyə bilmərəm".

Onun fikrincə, Ter-Petrosyan Ermənistanın indiki rəhbərlərinə nisbətən daha məntiqi düşünə və bu prosesləri nisbətən daha real qiymətləndirə bilirdi. Ter-Petrosyanın yenidən hakimiyyətə qayıdağacı təqdirdə, bunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hansısa formada təsir edib-etməyəcəyinə dair sualı Məmmədov geniş şərh etməyib: "Ermənistanda kimin hakimiyyətə gəlməsi ermənilərin daxili işidir. Rəsmi Bakı isə, onu istəyir ki, Ermənistanın rəhbərinin kim olmasından asılı olmayaraq, bu, xalqın gələcəyini sual altında qoymasın".

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə sabiq müşaviri, politoloq Vəfa Quluzadə isə, hesab edir ki, Ter-Petrosyan hakimiyyətə gələ bilməyəcək. Çünki Ter-Petrosyan 1997-ci ildə Azərbaycanla "mərhələli sülh" müqaviləsi bağlamaq istəyib və Rusiya qarşısında böyük səhvə yol verib.

"Ona görə də Rusiya onu hakimiyyətdən uzuqlaşdırıb. Ermənistandakı siyasi vəziyyəti Moskva idarə edir. Moskvanın isə, geosiyasi maraqları tələb edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmasın", -deyə Quluzadə əlavə edib.

Onun fikrincə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onu Rusiya idarə edəcək. Ona görə də, Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dəyişikliyə səbəb olmayacaq.

Xəbər lenti

Xəbər lenti