...

Azərbaycan Ermənistanı Cənubi Qafqaz ölkələrinin sərhəd mühafizə xidmətlərinin əməkdaşlığına əngəl törətməkdə ittiham edir (Video)

Siyasət Materials 25 Sentyabr 2007 14:59 (UTC +04:00)
Azərbaycan Ermənistanı  Cənubi Qafqaz ölkələrinin sərhəd mühafizə xidmətlərinin əməkdaşlığına əngəl törətməkdə ittiham edir (Video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Çərşənbə axşamı Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bəyan edib ki, Cənubi Qafqaz ölkələrinin sərhəd mühafizə xidmətlərinin regional layihələrinin reallaşmasına Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının hələ də davam etməsi mane olur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Sərhəd məsələləri üzrə beynəlxalq konfrans çərçivəsində görüş keçirən İşçi qrupun iclasında Quliyev qeyd edib ki, Azərbaycanın sərhəd mühafizə sisteminin effektiv inkişafı üzrə 2006-2010-cu illəri əhatə edən dövlət proqramına uyğun olaraq sərhəd nəzarəti sisteminin optimallaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Quliyevin sözlərinə görə, proqramın tam olaraq reallaşması 2009-cu ildə başa çatacaq. İslahatlar buraxılış məntəqələrinin işini, sərhəd məntəqələrinin peşəkar səviyyədə iş aparmasını, kadrların hazırlanmasını, sərhəd təhlükəsizliyini, sərhəddə real vəziyyətlə bağlı məlumat məsələlərini əhatə edəcək.

"Poqramın həyata keçirilməsi sərhədlərin operativ idarə sistemini daha da səmərələşdirməyə imkan verəcək" - deyə sərhəd xidmətinin rəisi bildirib.

Azərbaycanın sərhəd xidməti sərhəd idarəetməsi ilə bağlı iki layihədə iştirak edir. Layihələrdən biri milli səviyyədə, digəri isə inteqrasiya etmiş sərhəd idarəetmə sisteminin yaradılmasında Cənubi Qafqaz ölkələrinə dəstək göstərilməsi üzrə Avropa Komissiyasının köməyilə Avropa Mehriban Qonşuluq Siyasəti

Çərçivəsində həyata keçirilir.

İki gün davam edəcək tədbirdə inteqrasiya etmiş sərhəd idarəsi üzrə nəzəriyyə və təcrübə, sərhəd məsələləri üzrə beynəlxalq konfransın 16-cı plenar iclasının gündəliyi, İşçi qrupun fəaliyyəti və digər məsələlər müzakirə olunacaq. İclasda ABŞ, Almaniya, Belarus, Böyük Britaniya, Bolqarıstan, Türkiyə, Macarıstan, Polşa və digər ölkələrin sərhəd xidmətlərinin, beynəlxalq miqrasiya təşkilatının, FRONTEX və BODERPOL agentliklərinin nümayəndələri iştirak edir.

Azərbaycan 2002-ci ildən fəaliyyət göstərən sərhəd məsələləri üzrə Beynəlxalq Konfransa 2002-ci ildə qoşulub. Hazırda Azərbaycan üç İşçi qrupun üzvü və bir İşçi qrupun rəhbəridir.

Xəbər lenti

Xəbər lenti