...

Qüdrət Həsənquliyev: "Maliyyə oliqarxlarının deputat seçilərək siyasətə gəlməsi dövlət üçün təhlükə yarada bilər"

Siyasət Materials 25 Sentyabr 2007 17:21 (UTC +04:00)
Qüdrət Həsənquliyev: "Maliyyə oliqarxlarının deputat seçilərək siyasətə gəlməsi dövlət üçün təhlükə yarada bilər"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Siyasətə aidiyyatı olmayan adamların, böyük maliyyə oliqarxlarının Azərbaycan parlamentinə düşməməsi üçün mojaritar seçki sistemi ləğv olunmalıdır. Bu fikirləri çərşənbə axşamı Trend ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

BAXCP Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlayıb və Milli Məclisə təqdim edib.

Mövcud Konstitusiyaya görə, Azərbaycanda hökuməti prezident formalaşdırır.

BAXCP isə, təklif edir ki, Azərbaycan hökuməti palament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar bloku tərəfindən formalaşdırılsın. Partiya hesab edir ki, hökumət üzvləri barədə qərarı da palament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar bloku verməlidir. Həsənquliyev bildirib ki, BAXCP bu yolla Azərbaycanda siyasi partiyaların rolunun artırılmasına nail olmağa çalışır.

BAXCP, həmçinin, təklif edir ki, parlament seçkiləri 2010-cu ildə qarışıq, 2015-ci ildən isə, tamamilə proporsional sistemlə keçirilsin. Bununla da mojaritar seçki sistemi ləğv olunsun. BAXCP sədri bildirib ki, siyasətlə yalnız peşəkar siyasətçilər məşğul olmalı, buna görə parlamentdə yalnız siyasi partiyalar təmsil olunmalı və mojaritar qaydada təsadüfi şəxslərin deputat seçilməsinin qarşısı alınmalıdır: "Mövcud təcrübə də göstərir ki, Azərbaycanda son parlament seçkilərində xeyli sayda iş adamları, maliyyə oliqarxları, hətta özlərini aparmağı bacarmayan şəxslər, pulları hesabına deputat seçildilər. Mənim fikrimcə, gələn seçkidə bu say xeyli dərəcədə artacaq və maliyyə oliqarxlarının siyasətə müdaxiləsi təhlükəli həddə çatacaq"- Həsənquliyev bildirib.

O, əlavə edib ki, maliyyə oliqarxlarının, deputat seçilərək, siyasətə gəlməsi onların hökuməti ələ keçirməsi ilə də nəticələnə bilər və bu zaman dövlət üçün böyük təhlükələr yaranar.

BAXCP deputatların sayının 125-dən 150-yə artırılmasını təklif edir. Partiya hesab edir ki, Azərbaycan əhalisinin sayı 8 milyon yarım olduğu üçün, mövcud rəqəm azdır.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir.

Xəbər lenti

Xəbər lenti