...

Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasının yaradılması bölgədə vəziyyəti gərginləşdirəcək"

Siyasət Materials 25 Sentyabr 2007 22:06 (UTC +04:00)
Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasının yaradılması bölgədə vəziyyəti gərginləşdirəcək"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasının yaradılması, bölgədə olan gərgin vəziyyətin daha də gərginləşməsi ilə nəticələnəcək. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev bildirib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Rusiyalı hərbçilər Ermənistan hökuməti və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşəcəklər. Bəzi məlumatlara görə, danışıqlarda Ermənistanda Rusiyaya məxsus ikinci hərbi bazanın yaradılması məsələsi müzakirə olunacaq.

Ermənistanın Gümrü rayonunda Rusiyaya məxsus hərbi baza mövcuddur. Bazada Rusiyanın 102 saylı hərbi hissəsi yerləşdirilib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması heç də asın olmayacaq. Onun fikrincə, indiki dövrdə Rusiyanın belə bir addım atması real deyil: "Çünki bu bölgədə olan ölkələrin narazılığına səbəb olacaq. Eyni zamanda, hərbi bazanın yaradılması Moskva üçün çox bahalı layihənin həyata keçirilməsi olar. Bundan başqa, hərbi bazanın açılması üçün bir sıra siyasi prosedurlar həyata keçirilməlidir".

Onun sözlərinə görə, Rusiya Gümrüdə olan hərbi bazasını genişləndirməyi və möhkəmləndirməyi əsas vəzifə hesab edir.

Hərbi ekspert bildirib ki, Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması Azərbaycan üçün təhlükə törədir. Ona görə də rəsmi Bakı buna sərt reaksiya verməlidir.

"Azərbaycan tərəfi hesab etməməlidir ki, bu, hansısa ölkənin daxili işdir. İlk növbədə ,bölgənin maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması bölgədə gərginliyə səbəb olacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını nəzərə alsaq, bu gərginliyin kifayət qədər ciddi olacağını söyləmək olar", -deyə Cəfərov əlavə edib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan bunun qarşısını almaq imkanlarına malikdir. Rəsmi Bakı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıdır ki, Moskva hansı zərurətdən və narahatlıqdan Ermənistanda ikinci hərbi baza yaratmaq istəyir. Məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilməlidir: "Azərbaycan tərəfi ATƏT-də ciddi məsələ qaldırmalıdır. Çünki Rusiya, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb. Eyni zamanda, bölgədə vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Rəsmi Moskva buna aydınlıq gətirməlidir".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Rusiya Ermənistanda ikinci hərbi baza yaratmaqla, Cənubi Qafqazda hərbi imkanlarını genişləndirir və bölgə ölkələrinə güc nümayiş etdirir: "Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu fəaliyyətinə qəti şəkildə etiraz etməlidir".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti