...

Ümid Partiyası müxalifət təşkilatlarının üzvlərini öz ətrafına toplayır

Siyasət Materials 27 Sentyabr 2007 11:02 (UTC +04:00)
Ümid Partiyası müxalifət təşkilatlarının üzvlərini öz ətrafına toplayır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /2005-ci ilin parlament seçkilərindən sonra bir sıra müxalifət partiyalarının üzvləri Ümid Partiyasına keçiblər və hazırda təşkilatda fəaliyyətlərini davam etdirirlər. Bu barədə çərşənbə günü Bakıda Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

2005-ci ildə keçirilən parlament seçkilərində müxalifətin məğlub olması bu düşərgədə təmsil olunan partiyalarda ciddi narazılıqların yaranmasına səbəb olmuşdu. Bu narazılıqlar daha çox Xalq Cəbhəsi, Müsavat, Milli İstiqlal, Demokrat partiyalarında müşahidə olunurdu və narazılıqlar hələ də aradan qaldırılmayıb. Bu isə adları çəkilən partiyaların uzun müddət müxalifətdə olması və bütün seçkilərdə məğlub olmaları ilə bağlıdır. Yeni yaradılan patiyalar, o cümlədən Ümid Partiyası yaranmış vəziyyətdən istifadə edərək narazı şəxsləri öz tərəfinə çəkməyə çalışır. Narazıların Ümid Partiyasına keçməsində partiya sədrinin bölgələrə tez-tez səfərlər etməsi də böyük rol oynayıb.

Təkidlərə baxmayaraq, Ağazadə hansı siyasi təşkilatlardan Ümid Partiyasına keçənlərin olması və onların sayı barədə danışmaq istəməyib: "Partiya rəhbərliyinə, təşkilat şöbəsinə başqa siyasi təşkilatlardan Ümid Partiyasına keçənlər barədə açıqlama verməyi qadağan etmişəm".

Millət vəkili vurğulayıb ki, ölkənin bölgələrinə tez-tez səfərlər edir, görüşlər keçirir. Lakin bu səfərlərdə qarşısına hansısa partiyanın üzvlərini rəhbərlik etdiyi təşkilata cəlb etmək məqsədi qoymayıb: "Hansısa partiyanı hədəf kimi seçməmişik. Rayonlara səfərlərimiz davam edəcək. Orada keçirdiyimiz görüşlərdə Ümidlə yanaşı, digər müxalifət partiyalarının üzvləri, bitərəflər də iştirak edirlər. Əsas məqsədimiz ölkə vətəndaşlarının siyasi aktivliyini artırmaq və onları demokratik seçki keçirmək ideyası ətrafında birləşdirməkdir. Əgər belə görüşlərdən sonra hansısa siyasi təşkilatların üzvləri Ümid Partiyasına keçirsə, bu bizim günahımız deyil, vətəndaşların öz seçimləridir".

Ağazadə 1999-2001-ci illərdə Azərbaycanın eks-prezidenti, hazarda Moskvada mühacirətdə olan Ayaz Mütəllibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasının (VBP) katibi olub. 2001-ci ildə VBP-də parçalanma baş verib və təşkilatın bir hissəsi Ağazadənin rəhbərliyi altında fəaliyyət göstərməyə başlayıb. 2003-cü ilin əvvəllərində Ağazadə partiyanın adını dəyişib və Ümid Partiyası adlandırıb. Ümid Partiyası Milli Məclisdə bir deputatla- Ağazəda ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti