...

"Bizim Azərbaycan" bloku müxalifətin və beynəlxalq təşkilatların siyasi partiyalar arasında ayrı-seçkilik qoymasına etiraz edir

Siyasət Materials 1 Oktyabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku Azərbaycanda seçki komissiyalarının formalaşdırılması ilə bağlı "Azadlıq" blokunun təklifinə etirazını bildirir. Bu barədə bazar ertəsi Trend ə "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan açıqlama verib.

Üç müxalifətçi partiyanı birləşdirən "Azadlıq" bloku təklif edir ki, seçki komissiyaları son parlament seçkilərində (2005-ci il) , namizədləri ölkə üzrə ümumi səslərin bir faizindən çoxunu toplamış partiyalardan ibarət formalaşdırılsın. Bu isə o deməkdir ki, seçki komissiyalarında hakim Yeni Azərbaycan Partiyası, müxalifətçi ADP, AXCP, AMİP, ALP, ASDP və Müsavat partiyalarının nümayəndələri təmsil olunmalıdır. "Azadlıq" blokunun bu təklifi Avropa Şurası Venesiya Komissiyasına təqdim olunub və Komisiyyanın, Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə gələn ay Bakıda keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq.

"Bizim Azərbaycan" blokunun sədri hesab edir ki, adları çəkilən partiyalardan başqa, qalan siyasi qüvvələrin nəzərə alınmaması, onların seçki komissiyalarında iştirakdan kənarda saxlanılması ədalətsizlikdir. Həmçinin, Bəyturanın fikrincə, köhnə müxalifətin gündəmdə saxlanılması yeni qüvvələrin ortaya çıxmasına əngəl törədir: "Beynəlxalq təşkilatlar da, yalnız onların göstərişləri ilə oturub-duran partiyalarla işləyir, hər dəfə eyni partiyaları görüşlərinə dəvət edirlər. Siyasi düşərgənin qalan hissəsi, həmçinin, bitərəf insanlar isə, tamamilə kənarda saxlanılır"-deyə Bəyturan bildirib.

O, əlavə edib ki, həm yerli müxalifətin, həm beynəlxalq təşkilatların Azərbaycanda siyasi partiyalar arasında ayrı-seçkilik qoyması ilə əlaqədar, "Bizim Azərbaycan" bloku cümə axşamı "Dəyirmi masa" keçirərək, bu mövzunu siyasətçilərin müzakirəsinə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti