...

"ASDP-nin Seçki Məcəlləsinin müzakirələrində iştirakı bəzi qüvvələrə sərf etmir" - partiya rəhbəri

Siyasət Materials 8 Oktyabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Seçki Məcəlləsinin müzakirələrində iştirak etməsi hakimiyyətə və beynəlxalq təşkilatlara sərf etmir. Bu fikirləri bazar ertəsi Trend ə ASDP-nin həmsədri Araz Əlizadə bildirib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün hakimiyyətlə Avropa Şurası Venesiya Komissiyası arasında müzakirələr aparılır. Məcəllənin geniş müzakirəsi bütün siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda keçiriləcək. İlkin müzakirələr üçün siyasi partiyaların iştirakı ilə oktyabrın 5-də toplantı keçirilib. Həmin görüşə ASDP dəvət olunmayıb.

Əlizadə bildirib ki, Avropa təşkilatları kiminlə danışıqlar aparmaq lazım olduğunu iqtidarla birlikdə özləri müəyyən edirlər: "Azərbaycanda ilk və yeganə solçu partiya olan ASDP bu görüşə dəvət olunmayıb. Çünki ASDP nə iqtidara, nə də Avropaya baş əyir" - deyə Əlizadə bildirib.

Onun fikrincə, ASDP-nin bu prosesdən kənarda saxlanılması onun sol təmayüllü olması ilə əlaqədar deyil. Əlizadə bildirib ki, sol təmüyüllü ideologiya hazırda Avropada aparıcı qüvvədir, Azərbaycanda isə aparıcı olub-olmadığını yalnız azad, demokratik seçki müəyyənləşdirə bilər. Əlizadə ASDP-nin zəif partiya olduğunu da düşünmür.

Avropa Şurasının Bakı ofisindən isə bildiriblər ki, oktyabrın 5-də keçirilən toplantı ilkin hazırlıq görüşü idi və noyabrın 9-da keçiriləcək geniş müzakirələrin iştirakçıları hələ dəqiqləşdirilir.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın digər həmsədri Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti