Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda gələn il keçiriləcək prezident seçkisinə qədər proporsional seçki sisteminin (parlament seçkisində partiya şəklində iştirak) bərpası gözlənilmir. Trend in məlumatına görə, bu barədə Prezident Aparatı ictima-siyasi şöbənin müdiri Əli Həsənov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanın bütün müxalifət partiyaları proporsional seçki sisteminin bərpa olunmasını təklif edir, həmin sisteminin ləğvinin partiyaların zəifləməsinə, cəmiyyətdə rolunun azalmasına gətirib çıxardığını iddia edirlər.
Prezident Aparatı rəsmisi bildirib ki, proporsional sistemin bərpası məsələsi hazırda gündəlikdə dayanmır və gələn ilki seçkiyə qədər referendum keçirilərək bərpa ediləcəyini də düşünmür.
Həsənov əlavə edib ki, Azərbaycan xalqı 2002-ci ildə referendumla majoritar sistemi (parlament seçkisində fərdi şəkildə iştirak) seçib və bu sistem dünyada ən demokratik, seçicilərlə namizədlər arasında intensiv təmas yaradan sistem sistem hesab olunur. Həsənov proporsional sistemin işləməməsi ilə partiyaların zəifləməsi fikri ilə razılaşmır: "Majoritar sistemdə də siyasi partiyaların rolu saxlanılır. Partiyalar öz siyahıları üzrə namizədlərini dairələrdən irəli sürürlər. Onların namizədləri də partiya adından seçkidə iştirak edirlər. Ona görə də majoritar sistem siyasi partiyaların cəmiyyətdə roluna heç bir mənfi təsir göstərmir"-deyə Prezident Aparatı rəsmisi bildirib.
Həsənov müxalifət partiyalarının Seçki Məcəlləsi ilə bağlı təkliflərinə, həmçinin bəzi partiyların (məsələn, "Azadlıq" bloku) prezident seçkisini boykot edəcəyi barədə bəyanatlarına da münasibət bildirib. Onun fikrincə, siyasi partiya üzvlərinin bu tipli bəynatiları həmin partiyanın mövqeyi demək deyil.
"Seçki Məcəlləsi ilə bağlı real təkliflər hakimiyyətə daxil olur və bunun nəticəsi kimi müzakirələr təşkil edilir. Hakimiyyətin təklifi ədalətli, şəffaf seçkilər keçirməkdən ibarətdir. Əgər siyasi partiyaların təkliflər buna xidmət edəcəksə, hakimiyyət onu qəbul etməyə hazırdır. Yox, əgər təklifləri seçki prosesini ambisiyalı təşkilatın, şəxsin fəaliyyətindən asılı vəziyyətə salacaqsa, biz buna yox deyəcəyik"-deyə Həsənov bildirib.