...

RF prezidenti: "Xəzər regionunda hərbi qüvvədən istifadə olunmasına lüzum yoxdur"

Siyasət Materials 26 Sentyabr 2007 13:30 (UTC +04:00)
RF prezidenti: "Xəzər regionunda hərbi qüvvədən istifadə olunmasına lüzum yoxdur"

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ Rusiya Xəzər dənizi regionunda hərbi qüvvənin istifadə olunmasının əleyhinədir. "Xəzər dənizi regionunda hərbi qüvvədən istifadə olunmasına lüzum yoxdur və Rusiya Xəzər dənizi ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üzrə dialoqu əsas götürəcək" - deyə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Xəzəryanı dövlətlərin İranda keçirilən sammitti zamanı bəyan edib.

Bu gün İranda beş Xəzəryanı dövlətlərin, İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət başçılarının sammiti başlanıb. Sammitin əsas mövzusu Xəzər dənizinin statusunun müzakirəsi olacaq.

"Biz regionda hər hansı bir qüvvənin istifadə olunması barədə fikirləşməməliyik" - deyə Putin sammitdə bildirib.

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir (eləcə də dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSRİ-nin dağılması ilə sahilyanı ölkələrin sayının ikidən beşə qədər artması nəticəsində bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti