...

Azərbaycan səfiri: "ABŞ administrasiyası, konqresmenlərdən fərqli olaraq, qondarma "erməni soyqırımı"nı tanıyan Qətnamənin hansı mənfi nəticələr doğura biləcəyini yaxşı başa düşür"

Siyasət Materials 16 Oktyabr 2007 17:29 (UTC +04:00)
Azərbaycan səfiri: "ABŞ administrasiyası, konqresmenlərdən fərqli olaraq, qondarma "erməni soyqırımı"nı tanıyan Qətnamənin hansı mənfi nəticələr doğura biləcəyini yaxşı başa düşür"

ABŞ, Vaşinqton / Trend ,müxbir N. Hüseynova/ Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev Trend agentliyinin suallarına cavab verir.

- Oktyabrın 10-da ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Buş Administrasiyasının\ "erməni soyqırımı" məsələsinin konqresdə baxılmasının əleyhinə çıxış etməsinə baxmayaraq, "erməni soyqırımı"nı tanıyan 106 saylı Qətnamə qəbul edib. Sizcə, bu nə üçün baş verdi?

- Hazırki hökumət səsvermənin özünü dayandırmaq üçün böyük səy göstərdi. Məlum olduğu kimi, müvafiq müraciətlər ABŞ prezidenti, Dövlət Katibi, müdafiə naziri və hazıda hakimiyyətdə olan, həmçinin, istefada olan nüfuzlu şəxslər tərəfindən edilib. Amerikanın aparıcı KİV-ində bu məsələ ilə bağlı böyük narahatlığın mövcud olması bildirilib, Qətnamənin qəbul olunmasının əleyhinə ciddi arqumentlər gətirilib və qeyd olunub ki, Qətnamənin qəbul olunduğu təqdirdə, Amerika-Türkiyə münasibətlərinə sağalmaz zərbə vurulacaq. Administrasiya Konqresdə qəbul olunan müvafiq qətnamənin nə ilə nəticələnə biləcəyini yaxşı başa düşür. Bu, amerikalılar tərəfindən, xüsusilə də İraqda həyata keçirilən antiterror əməliyyatlarına mənfi təsir göstərə bilər. Türkiyə bu məsələdə böyük rol oynayır. Lakin yadda saxlamaq lazımdır ki, Konqres müstəqil orqandır. Və bu məsələni qaldıran konqresmenlər, Nümayəndələr Palatasının üzvləri öz seçici dairələrində böyük sayda erməni mənşəli seçicilərə malikdirlər və bu seçicilər parlament üzvlərinə öz şərtlərini diqtə edirlər. Belə ki, Komitənin Kaliforniyadan olan 10 üzvü ("Vaşinqton Post"un verdiyi məlumata görə, əhalinin sonuncu dəfə siyahıyaalınması zamanı bu ştatda 231777 erməni mənşəli əhalinin yaşadığı məlum olub) qətnamənin lehinə, İndiana ştatından olan iki deputat isə, əleyhinə səs verib. Burada hər hansı bir şərh verməyin mənası yoxdur, nəzərə alsaq ki, Nümayəndələr Palatasına seçkilər hər iki ildən bir keçirilir. Qeyd etmək lazımdır ki, qətnamə ilə bağlı səsvermənin yekunları son 25 il ərzində ABŞ-ın erməni diasporunun uzunillik, arasıkəsilməz, inadkar və tələbkar səylərinin nəticəsidir. Bu məsələ uzun illərdir ki, müzakirə olunurdu və son nəticədə qarşısına qoyduğu məqsədə çatdı.

- Hazırki mərhələdə 106 saylı Qətnamə yalnız Nümayəndələr Palatasının xarici əlaqəlar komitəsində qəbul olunub. Bu o deməkdirmi ki, indi Qətnamə Nümayəndələr Palatasının, daha sonra isə Senatın müzakirəsinə çıxarılacaq?

- Nensi Pelosinin adı bu qətnamə ilə bağlı hələ çox hallanacaq, belə ki, məhz Nümayəndələr Palatasının sədri Qətnamənin bütün Palatanın səsverməsinə çıxarılması ilə bağlı qərarı qəbul edən əsas fiqura çevriləcək. Məlum olduğu kimi, vaxtilə Nümayəndələr Palatasının keçmiş sədri Denis Hastert demokrat prezident Bill Klintonun müraciətindən sonra, bu məsələni gündəlikdən götürmüşdü. Senat daha mürəkkəb bir mövzudur, ən azı ona görə ki, senata seçkilər hər altı ildən bir keçirilir və ayrı-ayrı dairələr deyil, ştatın bütün əhalisi iki senat seçir. Bu səbəbdən də, etnik azlıqların təsiri özünü Nümayəndələr Palatasına nisbətən, Senata keçirilən seçkilərdə nisbətən az göstərir. Senatorlar "ağır çəkili fiqurlardırlar" və xüsusilə xarici siyasət, beynəlxalq münasibətlər məsələsində onlar şəraitlə əlaqədar olan fikirlərə daha az məruz qalırlar. Ədalət naminə qeyd edim ki, qətnamənin Komitədə müzakirəsi zamanı konrqesmen, demokrat, Nyu-Yorkdan olan afroamerikalı Qreqori Miks belə bir sualla çıxış edib ki, belə bir halda konqres nə üçün öz ölkəsinin tarixinin quldarlıq, Amerikanın yerli əhalisi olan hinduların kütləvi şəkildə qırılması kimi problemləri ilə məşğul olmur.

- Türkiyə ABŞ-ın Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin "erməni soyqrımı"nı tanımasına cavab olaraq hansı addımları ata bilər?

- Türkiyənin hakimiyyət dairələri buna reaksiya verməyə bilməz. Türkiyənin yüksək vəzifəli şəxslərinin bu məsələ ilə bağlı bəyanatları artıq məlumdur və başa düşmək lazımdır ki, Türkiyə, hadisələrin gedişatına uyğun olaraq, müvafiq addımlar atacaq.

- Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi nədən ibarətdir?

- Bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirlyinin məlumatında bildirilir ki, bu qərar səhv və subyektiv qərardır, regional və qlobal proseslərə mənfi təsir göstərəcək. Azərbaycan Türkiyənin bütün arxivləri araşdırmaq və yalnız bundan sonra 92 il əvvəl Birinci Dünya Müharibəsi dövründə baş verən hadisədlərə qiymət vermək çağırışlarını dəstəkləyir.

Azərbaycan Konqresin özünə münasibətdə "diqqət"ini hələ 1992-ci ildə erməni lobbisinin məhsulu olan məşhur 907-ci düzəlişin qəbul olunması zamanı hiss edib. Həmin dövrdə Vaşinqtonda hələ Azərbaycan səfirliyi mövcud deyildi və Konqresin qərarı müvafiq məsələ araşdırılmadan qəbul olunmuşdu. Bu cür reallıqlar erməni diasporunun təsiridir və bir çox ekspertlərin fikrincə, bu lobbi yəhudi lobbisi ilə rəqabət apara bilər. Lakin uzun sürən səylərdən sonra, biz 2002-ci ildə 907-ci düzəlişin ABŞ preziendti tərəfindən hər il təxirə salınmasına nail olduq. Qarşıda hələ bu düzəlişin tam olaraq ləğv edilməsi il bağlı iş dayanır.

- Bu Qətnamə nə kimi mənfi nəticələrə səbəb ola bilər?

- İlk növbədə, erməni tərəfinin hansı məqsəd güddüyünü təsəvvür etmək lazımdır. 106 saylı Qətnamənin mütləq olmayan xarakteri çaşqınlıq yaratmamalıdır. Güman etmək olar ki, nəticədə Türkiyəyə qarşı kompensasiya iddiaları irəli sürülə bilər.

Biz Azərbaycanda erməni tərəfinin addımlarının "evolusiya xarakteri"inə bələdik. Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud vəziyyət 1988-ci ildə regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması şüarı ilə başlandı, sovet hökuməti buna lazımi reaksiya verərək, yarım milyard rubl vəsait ayırdı. Bu da, məlum olduğu kimi, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi.

106 saylı Qətnaməyə yenidən toxunaraq demək istərdim ki, ABŞ icra hakimiyyəti orqanının fəaliyyətinin qətiliyi sonda ölkənin milli maraqlarının nəzərə alınmasına səbəb olmalıdır.

- Bu yaxınlarda Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib ki, Fransa İranda müharibəyə hazır olmalıdır. Sizcə, bu müharibənin baş vermə ehtimalı nə dərəcədə böyükdür?

- Bu məsələyə bir qədər başqa nöqteyi-nəzərdən yanaşmaq istərdim, biz, yəni beynəlxalq ictimaiyyət belə bir müharibənin baş verməsi ehtimalını heçə endirmək üçün əlindən gələni etməlidir. Azərbaycanın mövqeyi yaxşı məlumdur, məsələni beynəlxalq hüquq əsasında, sülh yolu ilə həll etmək lazımdır. BMT-nin Təhlükəsizlik Şurasının və MAQATE-nin imkanları hələ tükənməyib.

- Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar nə vəziyyətdədir?

- Aydındır ki, təkcə enerji resurslarının istehsalçısı kimi deyil, həmçinin, mühüm nəqliyyat dəhlizi kimi Azərbaycanın rolu artmaqdadır. Biz enerji resurslarının beynəlxalq bazarlara nəqlinin diversifikasiyasında maraqlıyıq. Bu qaz kəməri marşrutunun optimallığı kəmərin Azərbaycan ərazisindən keçməsinin əsaslı olmasını sübut edir və bizim türkmən və qazax tərəfdaşlarımız üçün səmərəsiz olan bir kəmər kimi nəzərdən keçirilməməlidir.

- Transxəzər kəmərinin tikintisinin Xəzəryanı qaz kəmərinin tikintisinin tərəfdarı kimi çıxış edən Rusiya ilə əlaqələrin pozulmasına səbəb ola biləcəyi Azərbaycanı narahat edirmi?

- Bu bizim münasibətləri nə üçün korlamalıdır? Burada söhbət sağlam rəqabətdən gedir. Bu, normaldır.

Xəbər lenti

Xəbər lenti