...

YAP sədrinin müavini: "ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qərarı dostluq və əməkdaşlığa hörmətsizlikdir"

Siyasət Materials 17 Oktyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqrımı"nın tanınması ilə bağlı qətnamə qəbul etməsini dostluq və əməkdaşlığa hörmətsizlik kimi qiymətləndirir. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirib.

"Bunu faciəyə çevirmək lazım deyil. Konqresin Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qətnamə Türkiyənin nə mövqeyinə, nə mövcudluğuna, nə də gələcək inkişafına mane olmaq iqtidarında deyil", -deyə YAP rəsmisi əlavə edib.

ABŞ Konqresinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsi oktyabrın 10-da qondarma "erməni soyqırımı" iddiası ilə bağlı qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.

Əhmədov bildirib ki, qondarma "erməni soyqrımı"nın tanınması haqqında qətnaməyə səs vermiş konqresmenlər böyük bir ədalətsizliyə yol veriblər. Onun fikrincə, bu ədalətsizlik təkcə Türkiyəyə deyil, daha geniş coğrafi məkanda yaşayan insanlara qarşı törədilib: "İnanırıq ki, bu ədalətsizliyin qarşısını almaq üçün ABŞ-da daha ciddi addımlar atılacaq. Bu, dünyada qarşıdurmaların aradan qaldırılmasına xidmət edər. Konqresin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin qərarı dünyada ağalıq etmək cəhdlərini ifadə edir".

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti