Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 16 ili tamam olur

Siyasət Materials 18 Oktyabr 2007 12:58 (UTC +04:00)
Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 16 ili tamam olur

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu gün Azərbaycan Respublikasının müstəqilliyini qazanmasının 16 ili tamam olur. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti (parlamenti) müstəqillik haqqında Konstitusiya Aktı qəbul edib və Azərbaycan öz müstəqilliyini bərpa edib. İlk dəfə 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil respublika - Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmışdı. Lakin bu cümhuriyyət cəmi iki il yaşadı və 1920-ci il aprelin 28-də Sovet ordusu tərəfindən süquta uğradıldı, SSRİ-nin tərkibinə daxil edildi.

Azərbaycanın müstəqillik Aktını hazırlayan deputat komissiyasının sədri, ilk Konstitusiya Aktının əsas müəllifi Hacıbaba Əzimov Müstəqillik Günü ilə əlaqədar Trend ə müsahibəsində bildirib ki, Azərbaycanın müstəqilliyini təmin etmək böyük çətinliklər nəticəsində, gərgin mübarizə və o dövrdə Ali Sovetdəki "Kommunist bloku"nun müqvimətini yarmaq hesabına əldə olunub.

Əzimovun sözlərinə görə, Azərbaycanın müstəqlliyinə nail olmaq üçün hələ 1990-ci ilin oktyabrında Ali Sovetdə "Müstəqil Azərbaycan deputat bloku" yaradıldı. Ölkənin müstəqilliyə çalışan 15 nəfər deputat bir araya gəldi, sonra həmin blok 25 nəfərdən ibarət oldu: "1991-ci il fevralın 5-dən Ali Sovet iclasına başladı və biz ilk gündən müstəqiliyyin elan olunmasını tələbini qoyduq. 350 nəfər deputatdan ibarət Ali Sovetin üzvlərinin böyük əksəriyyəti buna görə bizi hədələyir, qorxudurdular. Azadlıq mücahidi olan Tofiq Qasımov isə tribunadan bəyan etdi ki, biz Azərbaycanın müstəqilliyi yolunda fəda olmağa hazırıq"-deyə Əzimov bildirib.

1991-ciil martın 7-də Ali Sovetdə gedən müzakirələrdə SSRİ-nin saxlanılıb-saxlanılmaması məqsədilə referendum keçirlməsi məsələsi müzakirə olundu. Məqsəd isə Azərbaycan xalqının guya SSRİ-nin qalmasını və onun tərkibində yaşamaq istədiyini göstərmək idi. Belə də oldu.

25 nəfərlik "Müstəqil Azərbaycan deputat bloku"nun və daha 18 deputatın etirazlarına baxmayaraq, 43 nəfərin əleyhinə, 6 nəfərin bitərəf qalmaqla, 254 nəfər lehinə səs verməklə Ali Sovet referendum keçirilməsinə qərar verdi. O dövrdə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan MR Ali Soveti də referendum barədə həmin qərarı qəbul etmədi və Naxçıvan referendumda iştirak etmədi.

1991-ci il martın 17-də keçirilən referendumda "Azərbaycan xalqının böyük əksəriyyəti SSRİ-nin saxlanmasına "hə" dedi" açıqlaması verildi.

"Amma əslində belə deyildi və biz bunun əksini sübut etdik. Ali Sovetin ətrafında tez-tez mitinqlər keçirirdik və cəmiyyətin müxtəlif təbəqələri də bizə qoşulurdu. Nəhayət, avqustun 30-da Ali Sovet rəhbərliyi dövlət müstəqilliynin bərpası haqqında bəyannamə qəbul etdi. Amma bu, deklorativ xarakteri daşıyır, əslində müstəqilliyə real imkan yaratmırdı"-deyə Əzimov bildirib.

Onun sözlərinə görə, müstəqilliyə çalışan deputatlar bu sənədin yetərli olmadığını əsas gətirək geniş sənəd hazırlanmasını tələb ediblər. Bundan sonra Ali Sovet rəhbərliyi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı layihəsini təqdim edib. Lakin yenə də bu sənəddə müstəqilliyə təmin verən əsas müddəalar yox idi. Növbəti dəfə deputatların etirazından sonra Ali Sovet rəhbərliyi yeni deputat komissiyası yaratmağa məcbur olub.

"Sədrlik etdiyim həmin komissiya 32 maddədən ibarət geniş Konstitusiya Aktı hazırladı və oktyabrın 17-18-də keçirilən icalsda müzakirəyə təqdim etdi. Bu dəfə sanki Ali Sovetdə birlik yaranmışdı. Sənədin hər maddəsi ayrı-ayrılıqda səsə qoyuldu, bu zaman mübahisəli məqamlar yaranırdı. Amma sonda Konstitusiya Aktının bütövlükdə səsverməsi keçirildi və bütün deputatlar yekdilliklə Aktın qəbul olunmasının lehinə səs verdilər".

Əzimovun dediyinə görə, müstəqilliyin elan olunduğu həmin iclasda 350 nəfər deputatdan 250 nəfərdən çoxu iştirak edirdi, qalan 100-ə yaxın deputat isə gizlənirdi. Əzimov bilidrib ki, iclasda yetərsayı pozmaq məqsədilə bəzi deputatlar səsvermədən yayınmağa çalışırdılar. Amma bunun qarşısını almaq üçün "Müstəqil Azərbaycan deputat bloku" adba-ad səsvermə keçirilməsinə nail oldular. Adlarının tarixin "qara siyahısına" düşməsindən qorxan müstəqillik əleyhdarları Konstitusiya Aktının lehinə səs verməyə məcbur olublar.

"O vaxt Azərbaycanın müstəqliyyinə səs verməyən deputatların bir qismi indi də çox mühüm məsul vəzifələrdə işləyirlər. Onlar xalqa böyük fəlakətlər gətiriblər və bundan sonra da gətirə bilərlər"-deyə Hacıbaba Əzimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti