...

Türkiyə prezidenti: "Ermənistan iddialarından əl çəkməsə, münasibətlər normallaşmayacaq"

Siyasət Materials 7 Noyabr 2007 12:16 (UTC +04:00)
Türkiyə prezidenti: "Ermənistan iddialarından əl çəkməsə, münasibətlər normallaşmayacaq"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Ermənistan qondarma "erməni soyqırımı" iddialarından əl çəkməsə və bu məsələni başqa ölkələrin parlamentlərində müzakirəyə çıxarmağa cəhd göstərməyə davam etsə, Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül çərşənbə günü Milli Məclisdə deputatlar qarşısında çıxış edərkən deyib. Gülün sözlərinə görə, Türkiyə 1991-ci ildə Ermənistanı bir dövlət kimi tanıyıb, eyni zamanda Qara dəniz sahilində yerləşmədiyi halda Ermənistanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına dəvət edib.

"Buna baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasını əngəlləyən problemlər ortaya çıxıb. Ancaq vəziyyətin bugünkü səviyyəyə gəlib çatmasında Türkiyənin cavabdeh olmasını düşünmürəm" Gül deyib.

Gül vurğulayıb ki, bütün dünya Ermənistanın qonşusu Türkiyəyə qarşı beynəlxalq standartlara uyğun olmayan davranışlar etdiyini, digər qonşusu Azərbaycanın torpaqlarını işğal altında saxlaması səbəbindən bugünkü vəziyyətin yarandığını bilməlidir.

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunması üçün lazım olan dəstəyi verməkdə davam edəcək" deyə Gül əlavə edib.

Türkiyə prezidentinin Azərbaycana səfəri noyabrın 6-dan başlayıb. Bu, Türkiyə prezidenti kimi Gülün xarici ölkəyə ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti