...

Azərbaycanda enerji sektorunun vəziyyətinə dair prezidentinin sədrliyi ilə müşavirə keçirilib

Siyasət Materials 14 Noyabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə çərşənbə günü Prezident sarayında ölkənin enerji sektorundakı vəziyyət və qışa hazırlıqla bağlı müşavirə keçirilib. Ölkənin enerji sektorunda çox böyük uğurlar qazanıldığını bildirən Prezident İlham Əliyev deyib ki, bu nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin neft strategiyası və liberal iqtisadi siyasət dayanır. Xəzərin karbohidrogen ehtiyatlarının hasilatı və ixracı ölkəyə böyük gəlir gətirir. Növbəti illərdə neft-qaz sektorundan daha çox gəlir əldə olunacaq və bu vəsaitlər sərmayə qoyuluşuna, geniş infrastruktur dəyişikliklərinə, habelə, enerji potensialının daha da gücləndirilməsinə yönəldiləcək. Prezident İlham Əliyev bilidrib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəhəng enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı qısa müddətdə neft-qaz ixrac edən ölkəyə çevirib. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Bu, Azərbaycanın müstəqil siyasət yeritməsinə, bütün dövlətlərlə əməkdaşlığı genişləndirməyə, ölkənin beynəlxalq birlikdə etibarlı tərəfdaş kimi qəbul olunmasına təsir edən başlıca amildir. Dövlət başçısı bildirib ki, yeni elektrik stansiyalarının tikilməsi Azərbaycanın yaxın gələcəkdə həm də elektrik enerjisi ixracatçısına çevrilməsinə imkan verəcək. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov, "Azəristiliktəchizat" SC-nin sədri Yaşar Həsənov, "Bakıelektrikşəbəkə" SC-nin sədri Baba Rzayev, sənaye və energetika naziri Natiq Əliyev qışa hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər. Prezident İlham Əliyev qış aylarında enerji daşıyıcılarına tələbatın tam ödənilməsini mühüm vəzifə kimi qarşıya qoydu, xüsusilə qaz hasilatının artırılmasına diqqət yetirməyi, yeraltı qaz anbarlarındakı ehtiyatları 3 milyard kubmetrə çatdırmaq üçün tədbirlər görməyi tapşırıb. Dövlət başçısı ən yüksək texnologiyalarla təmin olunmuş neft kimyası kompleksi yaratmaq üçün Dövlət Neft Şirkətinə təkliflər hazırlamaq barədə tapşırıq verib. Prezident İlham Əliyev alternativ enerji mənbələrindən istifadəyə diqqət yetirilməsinin vacibliyini də xatırladıb, qış mövsümünə hazırlıq tədbirlərinin vaxtında başa çatdırılmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti