Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Plenumun sonuncu iclasında Ali Məhkəmənin mülki işlər üzrə Məhkəmə Kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair R.Salamovun şikayəti ilə bağlı konstitusiya işinə baxılıb.N.Yaqubzadə R.Salamova və K.Hacıyevaya qarşı ümumi paylı mülkiyyət hüququnun müəyyən edilməsi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi, ondan payın ayrılması, qeydiyyat vəsiqəsinin verilməsi və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə Ali Məhkəməyə müraciət edib. Məhkəmə iddiaçının tələbini təmin edən qərar çıxarıb.
Qərardan narazı qalan Salamova Ali Məhkəmənin qərarının Konstitusiya və qanunlara uyğun olmadığı üçün ləğv olunması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin mülki işlər üzrə Məhkəmə Kollegiyasının 3 aprel tarixli qərarını Konstitusiyanın və Mülki-Prosessual Məcəllənin müddəalarına uyğun olmadığı üçün ləğv edib və işə bu qərara uyğun olaraq mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması barədə qərar çıxarıb. Konstitusiya Məhkəməsi 2004-cü ildən 2006-cı ilədək Ali Məhkəmənin 45 qərarını ləğv edib. Bu il isə KM tərəfindən Ali Məhkəmənin 9 qərarı qüvvədən düşmüş hesab olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend ə müsahibəsində bildirib ki, KM-yə daxil olan şikayətlərin təhlili göstərir ki, şikayətlərin böyük hissəsini (1000-dən artıq ərizə və şikayətin 450-dən çoxunu) məhkəmə aktlarından verilən şikayətlər təşkil edib. Həmin şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrdəndir. "Həmçinin şikayətlərin təhlili göstərir ki, mübahisələr əsasən mülkiyyət hüququ ilə əlaqədardır (əmlak payının verilməməsi, sahibkarlıq fəaliyyəti, alqı-satqı, girov muqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv olunması, torpaq sahələrinin ayrılması və istifadə edilməsi, vərəsəlik hüququnun tanınması, daşınar, daşınmaz əmlakın, qiymətli əşyaların sahibə qaytarılması və s.). Hesab edirəm ki, keçid dövrünü yaşayan və xüsusi mülkiyyət hüququnun daha böyük aktuallıq kəsb etdiyi cəmiyyət üçün bu təbii bir haldır" - deyə Abdullayev bildirib.
Məhkəmə sədrinin sözlərinə görə, Konstitusiya Məhkəməsi öz qərarlarında İnsan hüquqları üzrə Avropa Konvensiyasının müddəalarından və Avropa Məhkəməsinin presedentindən çıxış etdiyindən onun qərarlarının lazımi qaydada icrası gələcəkdə Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarlarının sayının artmasına mane ola bilər.