...

Hakimiyyət jurnalistlərin həbsdə olmasından zövq almır - Prezidentin İcra Aparatının rəsmisi

Siyasət Materials 19 Noyabr 2007 15:33 (UTC +04:00)
Hakimiyyət jurnalistlərin həbsdə olmasından zövq almır - Prezidentin İcra Aparatının rəsmisi

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycanda üç-beş jurnalistin həbsdə olması hakimiyyətin azad söz və mətbuata basqısı kimi qiymətləndirilə bilməz. Bu barədə bazar ertəsi Bakıda öz işinə başlayan "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar konteksində" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycanda üç-beş jurnalistin həbsdə olması o demək deyil ki, hakimiyyət mətbuata basqı edir. 3500 qəzetin azad şəkildə nəşr olunduğu ölkədə "mətbuat azadlığı yoxdur" sözü fiksiyadır. Kiminsə şərəf və ləyaqəti təhqir olunursa və o insan bunu edən jurnalisti məhkəməyə verirsə, bunun hakimiyyətə nə aidiyyatı var?" - deyə Həsənov əlavə edib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar. Sonuncu həbs olunan jurnalist isə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti həbsdə olan hər bir jurnalistə görə çox narahatdır və jurnalistlərin həbsdə olmasından heç bir xüsusi zövq almır: "Birmənalı olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan hakimiyyəti bu gün sözə, yazıya, jurnalist fəaliyyətinə görə kimisə həbsə almaqda heç də maraqlı deyil. Azərbaycan mediasında təxminən 30 minə yaxın adam fəal jurnalistika ilə məşğul olur. Sual oluna bilər nəyə görə bu 30 min adamdan məhs doqquz nəfəri həbsdədir? Müxtəlif düşərgələri təmsil edən jurnalistikanın nümayəndələri burada iştirak edir. Mən onların hansına sual versəm ki, Nazim Quliyev adlı jurnalist tanıyırsız, onlar birmənalı şəkildə cavab verəcəklər ki, belə jurnalist yoxdur. Jurnalist təşkilatlarının rəhbərləri desinlər ki, Nazim Quliyev neçə dəfə həbsə düşüb, nəyə görə düşüb və sonuncu dəfə niyə həbs olunub. Bunun cavabı səslənərsə hamı Nazim Quliyevin jurnalist olmadığını bilər".

"İdeal" qəzetinin baş redaktoru Nazim Quliyev bir necə gün əvvəl həbs olunub. Həsənov qeyd edib ki, istənilən halda jurnalisti həbs etmək yaxşı hal deyil: "Amma jurnalist öz qələmini siyasi, iqtisadi, şəxsi məqsədləri üçün istifadə edirsə və bunu bilərəkdən edirsə, normal bir ziyalının şərəf və ləyaqətini bilərəkdən alçaldırsa, onda qanun nə etməlidir? Qanunda olan şərəf və ləyaqət yalnız jurnalistə deyil, hər bir vətəndaşa aiddir".

Onun fikrincə, hüquqi dövlətin baş prinsipi hüquqların balansıdır. Jurnalistin hansısa hüquqa malik olması, digər vətəndaşların öz şərəf və ləyaqətlərini qorumaq üçün məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsi demək deyil: "Hüquqi dövlətdə məhkəməyə müraciət etmək hüququnu məgər insanların əlindən alırlar? Hansı Avropa ölkəsində insanların məhkəməyə müraciət etmək hüququ əlindən alınıb. Elə bir hüquqi və demokratik dövlət göstərin ki, orada vətəndaş məhkəməyə müraciət edə bilməz".

Xəbər lenti

Xəbər lenti