Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyasının (ƏP) sədrliyinə bir neçə nəfər iddialıdır. "Partiyanın qurultayında sədr müavini Elxan Şükürlünün də namizədliyi irəli sürüləcək" cümə günü Trend ə ƏP-nin Siyasi Şurasından bildirilib.
ƏP-nın qurultayı noyabrın 24-də keçiriləcək. Ali toplantıda partiyanın hazırki sədri İlyas İsmayılovun da namizədliyi irəli sürüləcək.
Siyasi Şuradan bildirilib ki, sədrliyə seçkilərin demokratik keçirilməsi üçün alternativlik vacib şərtdir.
ƏP sədri İlyas İsmayılov isə cümə günü jurnalistlərə bildirib ki, qurultayda sədrliyə seçkilərdə alternativliyin olması demokratiyanın göstəricisidir. "Mən partiyanın Siyasi Şurasının üzvlərinin hamısını ikinci şəxs görürəm" İsmayılov əlavə edib. Onun sözlərinə görə, qurultayın gündəliyində gələn il keçiriləcək prezident seçkilərinə namizədliyin irəli sürülməsi məsələsinin müzakirəsi yoxdur.