...

İranın nüvə probleminin həll olunmasının yeganə yolu MAQATE-nin qanunlarının həyata keçirilməsidir - İran politoloqu

Siyasət Materials 27 Noyabr 2007 14:11 (UTC +04:00)
İranın nüvə probleminin həll olunmasının yeganə yolu MAQATE-nin qanunlarının həyata keçirilməsidir - İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Nüvə planı hüquqi mahiyyət daşıdığına görə, İranın nüvə məsələsi üzrə fəaliyyətini siyasiləşdirməsi bu məsələnin həlli ilə nəticələnə bilməz. "İranın nüvə probleminin həll olunmasının yeganə yolu MAQATE-nin qanunlarının həyata keçirilməsidir" - İranın beynəlxalq məsələlər üzrə politoloqu və "Əsr-İran" analitik qəzetin baş redaktoru Cəfər Məhəmmədi bildirib.

BMT Təhlükəsizlik Şurasi Qərb ölkələrinin tələbi ilə İranın uranın zənginləşdirilməsi planını dayandırmaq üçün indiyədək bu ölkəyə qarşı 2 qətnamə qəbul edib və hazırda 3-cü qətnamənin üzərində müzakirələr aparılır. ABŞ birbaşa İranın 4 bankını boykot edib və Avropa Birliyinin bəzi ölkələri İrana qarşı daha sərt iqtisadi-siyasi sanksiyalar tətbiq edəcəklərini bildiriblər. MAQATE noyabrın 23-də İrandan uranı zənginləşdirmək planını dayandırmasını tələb edərək, bu ölkənin "Giriş protokolu"na qoşulmasını istəyib. Bu protokola əsasən, MAQATE istədiyi zaman gözlənilmədən İranın nüvə stansiyalarını təftiş edə bilər. İranın İRNA agentliyinin məlumatına əsasən, İranın nüvə təşkilatının sədri Mehdi Ağazadə noyabrın 23-də bildirib ki, ölkənin "Giriş protokolu"na qoşulmasının zamanı deyil.

Məhəmmədi çərşənbə axşamı Tehrandan telefonla Trend ə bildirib ki, İranın nüvə məsələsi üzrə yaranmış böhrandan yeganə çıxış yolu MAQATE-nin qanunları çərçivəsində hərəkət etməkdir. "MAQATE-nin qanunlarında "Giriş protokolu"na qoşulmaq vacib deyil. İran MAQATE-nin üzvü olaraq, bu protokola qoşulmaq məcburiyyətində qalmır. Biz sabiq prezident Məhəmməd Xatəmi dövründə 2.5 il müddətinə nüvə stansiyalarımızın fəaliyyətini dayandırdıq, Qərbin İrana qarşı tutduğu mövqe dəyişdimi? Məncə, nüvə məsələsi Qərbin əlində yalnız bəhanədir" - deyə İran politoloqu bildirib.

Məhəmmədi bildirib ki, İran 2.5 il "Giriş protokolu"nu icra edib. Qərb rəsmi Tehrandan bunu müvəqqəti şəkildə yerinə yetirməsini istəyirdi, İran da icra etdi. "Qərbin müvəqqəti adlandırdığı müddət 2.5 il davam etdi, ancaq heç nə dəyişilmədi. Sonra İrandan nüvə məsələsi üzrə fəaliyyətini yenə də dayandırmağı tələb etdilər. Bu tələb qanunsuzdur" - deyə Məhəmmədi bildirib.

İsveçdə fəaliyyət göstərən digər iranlı politoloq Məhəmməd Asəngəran isə Stokholmdan telefonla Trend ə bildirib ki, İranın nüvə məsələsi hüquqi deyil, siyasi mahiyyət daşıyır. "İran hakimiyyəti indiyədək ölkə daxilində 5 milyon nəfəri xarici ölkələrə sığınmaq məcburiyyətində qoyub, 30 min nəfərdən artıq siyasi şəxs edam edilib, insan haqlarını açıq-aşkar pozur və terror təşkilatlarını dəstəkləməkdə ittiham olunub. Belə bir hakimiyyətə nüvə məsələsi ilə bağlı fəaliyyət göstərməyə imkan vermək, 3-cü dünya müharibəsinin başlanmasına fürsət yaratmaqdır" - deyə iranli politoloq bildirib.

Asəngəranın fikrincə, İran hakimiyyəti regionda mühüm fiqura çevrilmək üçün, Qərbdən imtiyaz almaq və ölkə daxilində müxalifəti əzmək niyyəti ilə nüvə silahına ehtiyac duyur. Belə bir imkanı rəsmi Tehran üçün yaratmaq yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti