...

Sumqayıtda ekoloji vəziyyətin yaxşılaşdırılmasına 18 milyon dollar vəsait ayrılacaq - nazir

Siyasət Materials 30 Noyabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Sumqayıtda ekoloji vəziyyətin yaxşılaşdırılmasına 18 milyon dollar vəsait ayrılacaq. Bu barədə cümə günü Milli Məclisdə 2008-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman maliyyə naziri Samir Şərifov deputat İkram İsrafilin sualına cavab olaraq bildirib.

Müsavat deputat qrupunun üzvu İsrafil qeyd edib ki, Sumqayıtda yerləşən "Azəralüminium" zavodunun ətraf mühiti çirkləndirməsi əhali arasında ciddi narazılıq yaradır: "Zavodda zəhərli qazların, tullantıların təmizlənməsi üçün heç bir avadanlıq qoyulmayıb. Bütün tullantılar və zəhərli qazlar əraziyə buraxılır. Nəticədə Sumqayıtda ekoloji böhran yaranıb". Maliyyə naziri Şərifov qeyd edib ki, hazırda Sumqayıtın "Azəralüminium" zavodunda 2500 nəfər insan işləyir. Onun sözlərinə görə, hökumət beynəlxalq təşkilatlarla "Azəralüminium" zavodunun ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması işinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparır: "Bu işə beynəlxalq ekspertlər cəlb olunub, Dünya Bankının Ətraf Mühit proqramı çərçivəsində aparılan müzakirələr yekunlaşmaq üzrədir. Zavodda zəhərli qazların və tullantıların təmizlənməsi üçün avadanlıqların quraşdırılmasına 18 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin 25-30 faizini Dünya Bankı ayıracaq, qalan hissəsi isə zavodun öz hesabına ödəniləcək. Bu işlər həyata keçiriləndən sonra 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində zavodda zəhərli tullantıların təmizlənməsi təmin ediləcək və Sumqayıtda ekoloji vəziyyət yaxşılaşacaq".

Xəbər lenti

Xəbər lenti