...

Hərbi hissələrdə vəhabilik adı altında fəaliyyət göstərən radikal dini təriqətlər yoxdur - Müdafiə Nazirliyi

Siyasət Materials 30 Noyabr 2007 14:09 (UTC +04:00)
Hərbi hissələrdə vəhabilik adı altında fəaliyyət göstərən radikal dini təriqətlər yoxdur - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi Milli Orduda radikal dini təriqətlərlə bağlı problem olmadığını qeyd edir. "Hərbi hissələrdə vəhabilik adı altında fəaliyyət göstərən radikal dini təriqətlər yoxdur" cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov bildirib.

Sentyabrın sonlarında zabit Kamran Əsədov Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Səfərov deyib ki, radikal dini təriqətlərin hərbi hissələrdə fəaliyyətinin qarşısının alınması üçün nəzarət gücləndirilib. Onun sözlərinə görə, hərbi hissələrdə dini təriqətlərin fəaliyyətinə isə hər hansı məhdudiyyət qoyulmayıb. "İstənilən hərbçi orduda namaz qıla bilər. Bunun qarşısı alınmır" MN təmsilçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti