...

"Dövlət orqanları qarşısında nümayişlərə qoyulan qadağalar aradan götürüləcək" - AŞ Venesiya Komissiyasının eksperti

Siyasət Materials 3 Dekabr 2007 13:17 (UTC +04:00)
"Dövlət orqanları qarşısında nümayişlərə qoyulan qadağalar aradan götürüləcək" - AŞ Venesiya Komissiyasının eksperti

Fransa, Strasburq / Trend müxbir S.İlhamqızı, A.Məhərrəmli /

Avropa Şurası Venesiya Komissiyasının Konstitusiya Əməkdaşlığı şöbəsinin rəhbəri Simona Granata-Menghininin Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

- Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" Qanunu ilə bağlı Venesiya Komissiyasıyla Azərbaycan tərəfi arasında işbirliyi nə kimi nəticələr verir? Qanuna hansı mühüm dəyişikliklər ediləcək?

- Venesiya Komissiyası 2006-cı ildən Azərbaycanın hakimiyyət orqanları ilə "Sərbəst toplaşma azadlığı haqqında" Qanuna dəyişikliklərlə bağlı əməkdaşlıq edir. 1998-ci ildə qəbul olunan bu qanun əslində sərbəst toplaşmaq azadlığına maneələr törədirdi. Buna görə Venesiya Komissiyası ekspertlərinin Azərbaycan rəsmiləri ilə bir neçə görüşü olub. Venesiya Komissiyasının qanuna dəyişikliklə bağlı ilkin rəyi 2006-cı ilin oktyabr ayında qəbul olunub. Sözügedən rəydə hal-hazırda qüvvədə olan qanuna bəzi düzəlişlər edilməsi nəzərdə tutulub. Həmin rəyə görə, qanunda hələ də problemlər qalmaqdadır, yəni təqdim olunmuş dəyişikliklər inzibati prosedurların mürəkkəbliyi baxımından nümayiş keçirmək üçün bir növ maneə törədən əsas problemləri həll etmirdi. Təqdim olunan dəyişiklər nümayiş keçirmək istəyən hər hansı bir şəxsə icazə istəmədən tədbirini keçirməyi nəzərdə tutur. Yəni, bu sistem əvvəlcədən icazə istənilməsini deyil, öncədən sadəcə xəbərdarlıq edilməsini nəzərdə tutur. Nümayiş keçirmək üçün icazə almağa ehtiyac yoxdur. Buna baxmayaraq, inzibati bir prosedur var - hakimiyyət orqanları ictimai asayişi təmin etmək öhdəliyi daşıyır. Buna görə də həll olunası praktiki məsələlər var. İctimai asayişi təmin etmək zərurəti dövlət orqanlarını nümayiş keçiriləcək yerin marşrutunu qismən dəyişməyə, onun keçirilmə vaxtına və yerinə müdaxilə etməyə vadar edə bilər. Bu, yalnız ətrafdakı insanları və nümayiş iştirakçılarını qorumaq məqsədilə həyata keçirilməlidir, yəni məqsəd nümayişin qarşısını almaq olmamalıdır.

- İnzibati prosedurlara nə kimi dəyişikliklər təklif edirsiniz?

- İnzibati prosedurlar yetərincə asan olmalıdır. Əgər nümayiş keçirmək üçün çoxlu sənədlər, xəbərdarlıq üçün uzun vaxt tələb olunarsa, onda prosedurun özü bu azadlıqdan yararlanmağa maneə törədər. Əgər təkliflərimiz nəzərə alınarsa, inzibati prosedur daha sadə olacaq və sərbəst toplaşmaq azadlığına uyğun gələcək.

Qanunda olan problemlərdən biri bəzi yerlərdə nümayiş keçirilməsinin tamamilə qadağan edilməsidir. Bunu başa düşmək olar, lakin hakimiyyət orqanlarının icazə istənilən yerlərdə, yaxud ona yaxın ərazilərdə həmişə qadağalar qoyması sərbəst toplaşma azadlığına uyğun gəlmir.

Ona görə də qanunda artıq müəyyən yerlərdə nümayiş keçirməyə dair qadağalar aradan götürülüb. Yəni, bundan sonra qanunda, məsələn, "Parlamentdən 200 metr məsafədə nümayiş keçirmək qadağandır" müddəası olmayacaq. Mövcud qanunun müddəalarına görə, sərbəst toplaşma azadlığı məhdudlaşdırıla bilər. Məsələn, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və ya Parlamentin qarşısında nümayiş keçirilməsində problemlər var. Lakin qanun layihəsində heç vaxt "hakimiyyət orqanlarının binalarının ətrafında nümayiş keçirmək qadağandır" kimi ümumi, geniş bir müddəa olmayıb.

Qanunda nəzərdə tutulan mexanizmin məqsədi odur ki, inzibati orqanlar nümayiş keçirməyin məqsədə uyğun olub-olmaması haqqında mühakimə yürütməsinlər. Əgər toplantı dinc xarakter daşıyarsa və legitim məqsəd güdərsə, hər kəsin toplaşmaq haqqı var. İnzibati orqanların nümayişin keçirilmə məqsədindən razı qalıb-qalmaması vacib deyil. Əsas odur ki, bu orqan lazım olan saatda 3000 insanın toplaşmasının qeydinə qalmalıdır. Digər tərəfdən kontr-nümayişlərə qanunla icazə verilir. Amma indiyə kimi belə olmayıb.

- Vətəndaşlar sərbəst toplaşmaq hüququnu məhkəmədə müdafiə edə biləcəklərmi?

- Bəli, qanunda məhkəmələrə müraciət etmək imkanı var. Əlbəttə, inzibati orqanların sərbəst toplaşma azadlığı ilə bağlı fərqli qərar verməsi mümkündür. Amma məhkəmələr həmin qanunla sərbəst toplaşma azadlığını qoruya bilər.

- Bakıda keçirilmiş son görüşdə nə qərara gəlindi?

- Bizim bu il noyabrın 21-də Venesiya Komissiyasının üzvü cənab Aurescunun iştirakı ilə Bakıda keçirilən dördüncü görüşümüz çox səmərəli oldu. Biz sözügedən qanuna dair son dəyişikliklər üzərində iş apardıq. Biz qanunun müddəalarının ifadə forması üzərində işləyirik.

Bakıda keçirdiyimiz görüşün nəticəsi olaraq nəzərə alındı ki, 1998-ci ildə qəbul edilmiş qanuna təklif olunan dəyişikliklərin yekun layihəsi yaxın günlərdə Venesiya Komissiyasına göndərilsin. Bununla yekun rəy bizim 14-15 dekabr 2007-ci ildə Venesiyada keçiriləcək plenar iclasımızda qəbul ediləcək və gələn ilin əvvəlində Azərbaycan Parlamentində qəbul olunması üçün dekabr, yaxud yanvarda Milli Məclisə göndəriləcək. Bu məsələyə təkcə Venesiya Komissiyası deyil, həmçinin AŞPA-nın Nazirlər Komitəsi çox böyük önəm verir. Qanunun Azərbaycan Parlamentində qəbulu Avropa Şurasının bütün orqanları tərəfindən izləniləcək.

Azərbaycan tərəfinin nümayəndələri Venesiyada keçiriləcək plenar iclaca dəvət olunub. Prezident administrasiyası nümayəndələrin iştirak etməsi və onların da öz fikirlərini bildirməsi məqsədəuyğun olardı.

Həmçinin bu, yeni qanun layihəsi olduğuna görə treninq keçirmək lazım gələcək. Bu işdə AŞ şübhəsiz yardım etməyə hazır olacaq.

Əgər "Sərbəst toplaşma azadlığı haqqında" Qanun hal-hazırda bizim nəzərdə tutduğumuz şəkildə qəbul olunarsa, bu, yaxşı bir qanun olacaq və bu sahədə irəliyə getməyə imkan verəcək.

- Sizin Bakıda keçirdiyiniz son müzakirələri sərbəst toplaşma azadlığı sahəsində islahatların başlanması kimi qiymətləndirmək olarmı?

- Bunu demək bir az tezdir. Amma bizdə artıq o qənaət yaranıb ki, apardığımız işlərin nəticəsi gözləntilərimizə uyğundur. Şübhəsiz, fikir müxtəlifliyi olacaq. Biz Parlamentdəki müzakirələri izləyəcək və qəbul edilmiş qanuna nəzər yetirəcəyik. Bu qanunun bizim tövsiyələrimiz nəzərə alınmaq şərtilə Azərbaycan Parlamentində qəbul olunması ilə Venesiya Komissiyasının işi bitəcək. Amma Azərbaycanda fundamental azadlıqları həyata keçirilməsini diqqətdə saxlayan Nazirlər Komitəsi və AŞPA bu sahədə işlərini davam etdirəcəklər. Onlar həmçinin fundamental azadlıqlar sahəsində bizdən qiymətləndirmələr tələb edirlər. Bundan sonrakı işlər artıq AQO qrupu və AŞPA tərəfindən aparılacaq. Bizim mandatımız qanun layihəsi üzərində işləməkdir.

Xəbər lenti

Xəbər lenti