...

Azərbaycanda jurnalistlərin həbsinə tənqidi yanaşırıq – "Aqo" Qrupunun sədri

Siyasət Materials 4 Dekabr 2007 12:57 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin həbsinə tənqidi yanaşırıq – "Aqo" Qrupunun sədri

Fransa,Strasburq / Trend müxbir A.Məhərrəmli, S.İlhamqızı/ Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin (NK) "Aqo" Monitorinq Qrupunun sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Per Syögrenin Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

- Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi hansı səviyyədədir?

- Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində mühüm irəliləyiş əldə edib. Etiraf edilməlidir ki, üzvlüyə qəbuldan sonra xüsusilə qanunvericilik sahəsində tərəqqi göz qarşısındadır, lakin daha da təkmilləşməyə ehtiyac duyulur. Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu Azərbaycan hökuməti, müxalifəti, QHT-lər, Ombudsman və ölkənin digər qurum və təsisatları, eləcə də Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi ilə daim danışıqlar aparır.

Mən Azərbaycanla bağlı vacib hesab etdiyimiz üç əsas sahəyə - məhkəmə sistemi, KİV və seçki məsələlərinə toxunmaq istəyirəm .

Ötən il ərzində Azərbaycanın məhkəmə sisteminə xüsusi diqqət yetirmişik. Bu kontekstdə Bakıda məhkəmə sisteminin gücləndirilməsi yolları, vəkillər, prokurorlar və hakimlərin müstəqilliyi, təhsili və treninqi üzrə Dəyirmi masa keçirilib. Həmin fəaliyyətə dəstək olaraq müxtəlif proqramlar, əlavə tədbirlər keçiriləcək.

Məhkəmə sistemi üzrə fəaliyyətin davam etdirilməsi ilə yanaşı KİV-ə də xüsusi diqqət yetiriləcək. Azərbaycanda KİV-in vəziyyətindən narahatıq və hesab edirik ki, bu vəziyyət yaxşılaşdırılmalıdır. Biz jurnalistlərin həbsi və onlara uzunmüddətli həbs cəzası verilməsinə tənqidi yanaşırıq. İl ərzində ölkədə bir sıra jurnalistlərin həbs edilməsi faktından narahatıq. Bu məsələ Avropa Şurası üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu məsələnin ifadə azadlığına birbaşa aidiyyəti var. Azərbaycan qanunvericiliyində böhtanla bağlı məsuliyyəti nəzərdə tutan maddələrə dəyişiklik edilməsini istərdik. Bu zaman qanunvericiliklə yanaşı, jurnalistlərin təhsili məsələsi ön planda olacaq. Belə ki, jurnalistlərin təhsili və treninqi üzrə xüsusi dəstək proqramının həyata keçirilməsi nəzərdə tutulur.

Yaxından izlədiyimiz üçüncü vacib sahə seçkilərdir. Prezident seçkiləri ilə əlaqədar gələn il Azərbaycan üçün əlamətdar il olacaq. Biz bu seçkilərin azad və ədalətli keçirilməsini istəyirik. Bunun üçün ilk öncə Seçki Məcəlləsinin müddəalarının Venesiya Komissiyasının tövsiyələrinə tam uyğun olması gərəkdir. Hazırda Azərbaycan hökuməti və Parlamenti ilə Venesiya Komissiyası arasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə intensiv dialoq davam edir. Seçki komissiyalarının tərkibi diqqət mərkəzindədir. Sərbəst toplaşmaq azadlığı və bunun qanunvericilikdə əks olunması məsələsi də vacibdir. Seçkilərlə bağlı ikinci mühüm məqam, şəffaflığı və ədalətliliyi təmin etmək üçün seçkinin müşahidə altında baş tutmasıdır. Azərbaycanda keçiriləcək prezident seçkiləri təbii ki, beynəlxalq müşahidə missiyası tərəfindən izləniləcək.

Bunlarla yanaşı, mühüm problemlərdən biri də, "siyasi məhbus" məsələsidir. Ölkədə "siyasi məhbuslar"ın olduğunu iddia edən şəxslərdən, hökumət və QHT nümayəndələrindən ibarət İşçi qrupun fəaliyyəti vacib məsələdir. Biz hökumət və vətəndaş cəmiyyətinin birgə təşəbbüsü olan bu İşçi qrupa çox müsbət yanaşırıq, lakin onun daha fəal işlədiyini görmək istərdik.

- Seçki Məcəlləsi ilə bağlı noyabrda Bakıda keçirilən Dəyirmi masanın nəticələrini necə qiymətləndirirsiniz?

- Venesiya Komissiyasından aldığım məlumata əsasən, Bakıda noyabr ayında yaxşı bir Dəyirmi masa keçirilb. Komissiyadan mənə bildiriblər ki, Dəyirmi masa və seminarlar düzgün istiqamətdə inkişaf etməkdədir. Mən özüm bu qənaətdəyəm ki, seçki komissiyalarının tərkibi və seçki şikayətlərinə baxılması məsələsi ilə bağlı müzakirələr düzgün istiqamətdə irəliləsə də, hələ razılaşdırılmamış məsələlər qalır və bu iş yekunlaşdırılmayıb.

- "Aqo" Qrupunun bu ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində hazırlanmış məruzədə hansı məsələlər əksini tapıb?

- Səfər nəticəsində gəldiyimiz qənaətlərə dair bu ilin iyulunda AŞ Nazirlər Komitəsinə hesabat təqdim etmişik. Bu zaman əsasən məhkəmə sisteminə xüsusi diqqət yetirmişik.

- Azərbaycana növbəti dəfə nə vaxt səfər edəcəksiniz?

- Növbəti səfər gələn ilin yaz aylarında nəzərdə tutulur, lakin dəqiq tarixi hələ müəyyənləşməyib. Həmin səfər zamanı Azərbaycandakı seçkilər, KİV və məhkəmə sistemi diqqət mərkəzində olacaq, həmçinin Dağlıq Qarabağ problemi və "siyasi məhbus" hesab edilən şəxslərlə bağlı müzakirələr aparılacaq.

- Dağlıq Qarabağ münaqişəsi "Aqo" Qrupu üçün nə dərəcədə prioritet təşkil edir?

- Dağlıq Qarabağ məsələsi bizim üçün vacibdir. Biz AŞ-nin mandatına daxil olan və insan hüquqları nöqteyi-nəzərindən yanaşdığımız bu münaqişəni bacardığımız qədər yaxından izləyirik. Münaqişənin dinc yolla həlli üçün aparılan danışıqların gedişatı barədə məlumat almaq üçün ATƏT-in Minsk qrupu ilə daim təmasdayıq. Lakin bizim mandatımız Dağlıq Qarabağla bağlı dinc nizamlanma prosesini dəstəkləmək, dinc yolla həllə gətirib çıxaracaq mühitin formalaşdırılmasına yardım etmək üçün mümkün qədər fəallıq göstərməkdən ibarətdir. Bizim rolumuz məsələyə insan hüquqları aspektindən yanaşmaqla məhdudlaşır.

- Ermənistan münaqişənin kökündə guya dini elementlər olduğunu iddia edir və bunu qabartmağa çalışır. Bu, AŞ-nin təşviq etdiyi dinlərarası dialoqa nə dərəcədə uyğundur?

- Biz inanırıq ki, dinlərarası dialoq bəzi hallarda münaqişələrin həllinin bir ünsürü ola bilər. Lakin əksər münaqişə vəziyyətlərində bu, yalnız problemin bir hissəsidir. Münaqişələrdə siyasi, tarixi və digər aspektlər də olur ki, bunlara da xüsusi diqqət yetirilməlidir. Bir qrup Azərbaycan ziyalısının bu il Dağlıq Qarabağa və Ermənistana səfər etməsi mənim diqqətimi çəkdi. Belə təşəbbüslər dialoqun təşviqi baxımından vacibdir.

Xəbər lenti

Xəbər lenti