...

"Azərbaycanda sağ və sol müxalifət qüvvələrinin birliyi mümkün deyil" - solçu partiyanın rəhbəri

Siyasət Materials 14 Dekabr 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə hesab edir ki, ölkədə sağ və sol müxalifət qüvvələrinin birliyinin heç bir perspektivi yoxdur. Bu barədə Əlizadə cümə günü Trend ə açıqlamasında bildirib.

"Ümumiyyətlə, Azərbaycanda siyasi birlik mümkün deyil və bunu əvvəlki təcrübələr də göstərib. Çünki hər bir siyasi qüvvənin öz ambisiyaları var və ümumi maraqlar heç kimə sərfəli deyil" - deyə Əlizadə bildirib.

1988-ci ildən Azərbaycanda milli azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi (AXC) yaranıb. Bu hərəkat hakimiyyətə gəldikdən sonra hərəkatda təmsil olunan aparıcı şəxslər - Əbülfəz Elçibəy, Etibar Məmmədov, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Zərdüşt Əlizadə və digərləri öz partiyasını yaratdı.

Əlizadə bildirib ki, bütöv bir hərəkatın çoxsaylı partiyalara bölünməsi hər bir siyasi liderin öz şəxsi maraqlarını həyata keçirmək niyyətindən irəli gəlib.

"Həmçinin 1993-cü ildən bəri sağ müxalifətin yaratdığı çoxsaylı birliklər müəyyən müddətdən sonra dağıldı. Sol təmayüllü qüvvələri birləşdirən yeganə qurum "Sosialist Azərbaycan" bloku da dağılmağa məhkum oldu. Son 18 ildə şahidi oldum ki, sağ və solçu siyasi partiyaların birliyi, uzunömürlü əməkdaşlığı mümkün deyil" - deyə Əlizadə bildirib.

Onun sözlərinə görə, bu illər ərzində partiyaların əməkdaşlığının pozulmasının səbəbi imzaladıqları razılaşmaları öz şəxsi maraqları naminə pozmalarıdır.

ASDP rəhbəri bildirib ki, 2000-ci ildə 22 siyasi partiyanın parlament seçkilərini boykot etmək barədə imzaladığı razılaşmaya yalnız üç partiyanı birləşdirən Azərbaycançı Qüvvələr Birliyi sadiq qaldı.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.

Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevirilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, zorla hakimiyyəti ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti