...

Müxalifət partiyası Ali Məhkəməyə şikayətlə müraciət edəcək

Siyasət Materials 19 Dekabr 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir C.Babayeva/ Azərbaycan Milli İstiqlal Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı şikayəti üzrə dünən Apellyasiya Məhkəməsində iclas keçirilib. Bu barədə Trend ə AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

AMİP Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın piketlərinə izacə verməməsi barədə qərarlarından Səbail rayon məhkəməsinə şikayət vermişdi. Məhkəmədən tələb olunurdu ki, partiya üzvlərinin sərbəst toplaşmaq azadlığı təmin olunsun və Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülsün. Lakin Səbail rayon məhkəməsi oktyabrın 22-də şikayətin təmin olunmaması barədə qərar çıxarıb.

Apellyasiya Məhkəməsində Mirzə Tağızadənin hakimliyi ilə keçirilən məhkəmə iclasının qərarı ilə Səbail rayon məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanılıb. Orucovun sözlərinə görə, partiya qarşı tərəfin iştirakını tələb etsə də, hakim iradəsizlik nümayiş etdirərək tələbi təmin etməyib.

Orucov bildirib ki, partiya Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı yaxın günlərdə Ali Məhkəməyə şikayətlə müraciət edəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti