...

AMİP lideri: "Partiyada sədr seçilə biləcək kadrlar var"

Siyasət Materials 25 Dekabr 2007 15:33 (UTC +04:00)
AMİP lideri: "Partiyada sədr seçilə biləcək kadrlar var"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ AMİP lideri Etibar Məmmədov partiyanın sədri Ayaz Rüstəmovun istefasını normal qarşılayır və hesab edir ki, partiyada onu əvəz edəcək kadrlar var. Bu barədə Məmmədov Trend ə açıqlamasında bildirib.

Məmmədov bildirib ki, Rüstəmov istefa verəcəyi barədə ona məlumat verib və məsləhətləşmələr aparıb: "Hər bir adamın səhhətində problem yarana bilər. Ayaz Rüstəmovun səhhətindəki problemlər onun tam gücü ilə partiyanı idarə etməsinə imkan vermirdi"-deyə Məmmədov bildirib.

O əlavə edib ki,AMİP-in seçkili orqanları sədrin müraciətini müzakirə edəcək və Nizamnaməyə uyğun qərar çıxaracaq. Məmmədov hesab edir ki, sədrin istefası barədə çıxarılacaq qərara və sonrakı proseslərə qarışmayacaq: "Partiyada sədr seçilmək üçün kifayət qədər potensiallı kadrlar var"-deyə AMİP lideri bildirib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Rüstəmov səhhətində yaranmış problemlər üzündən vəzifəsini icra edə bilməməsi barədə Siyasi Şuraya müraciət edib. Rüstəmov Trend ə açıqlamasında bildirib ki, partiya sədrliyindən istefa verib və bu qərarına partiya daxilində baş verən proseslər səbəb olmayıb: "Mənim istefam hər hansı təzyiqlərdən sonra olmayıb. İstefamın səbəbi yalnız səhhətimlə bağlıdır"-deyə AMİP sədri bildirib.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov da Trend ə bildirib ki, Rüstəmovun istefa ərizəsinə Siyasi Şuranın iclasında baxılacaq. İclas isə gələn ilin əvvəlində keçiriləcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti