...

Qonşu ölkələr İranda yaranmış böhrandan sui-istifadə etməklə, ərazi iddiası irəli sürürlər– iranlı politoloq

Siyasət Materials 30 Dekabr 2007 15:05 (UTC +04:00)
Qonşu ölkələr İranda yaranmış böhrandan sui-istifadə etməklə, ərazi iddiası irəli sürürlər– iranlı politoloq

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ İraq prezidentinin "Əl-Cəzirə" konvensiyası barədə verdiyi bəyanat İrana qarşı yeni torpaq iddiasıdır. "Qonşu ölkələr İranda yaranmış böhrandan sui-istifadə etməklə, ərazi iddiası irəli sürürlər" - İran Tədqiqatçılar Assosiasiyasının sədri Hüseyn Lacəvərdi bildirib.

İranın İraqdakı səfiri dekabrın 29-da bildirib ki, 2008-ci ilin başlanğıcında "Əl-Cəzirə" konvensiyasını müzakirə edən iraqlı heyət Tehrana səfər edəcək. Dekabrın 27-də İraq prezidenti Cəlal Talibani bildirmişdi ki, İraq-İran arasında 1975-ci ildə bağlanan "Əl-Cəzirə" konvensiyası iki millət arasında deyil, Səddam Hüseyn ilə İranın sabiq şahı arasında olub və biz bunu rəsmi şəkildə tanımırıq. İran XİN rəhbəri Mənuçehr Mottəki bu bəyanatı ABŞ-ın İranla növbəti oyunu kimi dəyərləndirərək, bildirib ki, iki ölkə arasında bütün münasibətlər bu konvensiyanın etibarından asılıdır. "Əl-Cəzirə" konvensiyası 1975-ci ildə iki ölkənin sərhədlərini müəyyənləşdirmək məqsədilə bağlanıb.

Lacəvərdi bazar günü Parısdən telefonla Trend ə bildirib ki, İran hakimiyyətinin daxildən zəifləməsini və xaricdən təcrid olunmasını görən bəzi qonşu ölkələr fürsətdən sui-istifadə edərək ərazi iddiaları qaldırırlar. "İran-İraq arasında bağlanmış konvensiya tamamilə İranın xeyrinə olub. 1975-ci ildə İraq böhran dönəmi yaşayırdı və kürd separatçıları İraq hakimiyyətinə daim təzyiqlər göstərirdilər. Belə demək olar ki, İran bu konvensiya ilə öz maraqlarını təmin edib. Lakin hazırda bu konvensiyanı yenidən müzakirə etmək İranın xeyrinə olmayacaq. İran böhran içindədir və güzəştə getməyə məcburdur"- deyə Lacəvərdi bildirib.

İran politoloqunun fikrincə, yalnız İraq deyil, Bəhreyn də İranın 3 adasına sahib olmaq iddiasındadır. "Xəzər dənizi üzrə müzakirələrdə də İran tərəfi güzəştə getmək məcburiyyətindədir. Bir sözlə, rəsmi Tehran nüvə planını həyata keçirmək uğrunda qonşu ölkələrin dəstəyinə böyük ehtiyac duyur və onlarla razılaşmağa məcburdur. İraq-İran müharibəsində rəsmi Tehran BMT-nin 598-ci Qətnaməsinə əsasən, İraqdan təzminat almalı idi. Indiyədək Qətnamədə qeyd olunan məbləğ İrana verilməyib və rəsmi Tehran isə buna etiraz etməyib. Bunları nəzərə alaraq, Talibaninin bəyanatı tamamilə absurddur və İran sərhəddə olan üç neft quyusunu İraqa verməməlidir" - deyə Lacəvərdi bildirib.

Xəbər lenti

Xəbər lenti