...

Azərbaycan prezidenti pravoslav xristian icmasını təbrik edib

Siyasət Materials 5 Yanvar 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K. Zərbalıyeva/ Azərbaycan prezidenti şənbə günü pravoslav xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir ki, dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil Azərbaycan Respublikasının bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına, o cümlədən vicdan azadlığına malikdirlər. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib.

Cəmiyyətimizin mühüm hissəsi olan xristian icmasının yaradılmış bu imkanlardan geniş şəkildə faydalandığını diqqətə çatdiran prezident onların Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında yaxından iştirak etdiyini, respublikanın tərəqqisi naminə fəal vətəndaş mövqeyi göstərdiklərini vurğulayıb.

"İsa peyğəmbərin mövludu günü kimi əlamətdar olan mübarək Milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin "- deyə, təbrikdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti