...

Azərbaycanın solçu qüvvələrinin siyasi bloku yaradılır

Siyasət Materials 10 Yanvar 2008 15:35 (UTC +04:00)
Azərbaycanın solçu qüvvələrinin siyasi bloku yaradılır

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın solçu siyasi qüvvələrinin yeni birliyi - Koordinasiya Şurası yaradılır. Bu barədə cümə axşamı Trend ə Azərbaycan Kommunist Partiyasının sədri Rüstəm Şahsuvarov məlumat verib.

"Azərbaycanda solçu qüvvələrin siyasi fəallığını artırmaq məqsədilə sol təmayüllü partiyaların əməkdaşlıq mərkəzini yaratmağa qərar verdik" - Şahsuvarov məlumat verib.

Şahsuvarov bildirib ki, Azərbaycanda sol təmayüllü siyasi düşərgədə uzun illərdir süstlük yaranıb, solçu partiyalar ölkənin siyasi həyatında passiv rol oynayırlar. Ona görə də ayrı-ayrılıqda fəaliyyət göstərən solçuların birliyinə ehtiyac yaranıb.

Şahsuvarovun sözlərinə görə, yeni quruma ilkin olaraq beş siyasi təşkilat daxil olacaq - AKP, Azərbaycan Vahid Kommunist Partiyası, Marksizm-Leninizm Platformasında Azərbaycan Kommunist Partiyası, Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyası və "Çe Qevara fanatları klubu" gənclər təşkilatı: "Lakin Koordinasiya Mərkəzi bura qoşulmaq istəyən qurumlara açıq olacaq" - deyə Şahsuvarov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Koordinasiya Şurasının təsis konfransı olacaq.

Əlavə edib ki, Koordinasiya Şurası ilk olaraq əməkdaşlıq mərkəzi kimi fəaliyyət göstərəcək, lakin sonradan siyasi bloka çevriləcək. Həmçinin siyasi blok bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı vahid mövqedən çıxış edəcək. Solçuların siyasi əməkdaşlıq mərkəzi iqtidara qarşı konstruktiv müxalifət mövqeyində dayanacaq.

Xəbər lenti

Xəbər lenti