...

İlham Əliyev : Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcək

Siyasət Materials 11 Yanvar 2008 22:58 (UTC +04:00)

Bizim üçün ən ağrılı, ən çətin məsələ Dağlıq Qarabağ problemidir. Bunun həll olunmaması bizi çox narahat edir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma görürük ki, buna nail olmaq hələ ki, mümkün deyildir. Bunu prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı qeyd edib ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və dünya ictimaiyyətinin bu məsələyə biganə yanaşmasıdır. "Biz hər şeyi açıq deməliyik. Bütün dünya Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir. Biz hər yerdə eşidirik ki, siz haqlısınız, ədalət sizin tərəfinizdədir. Ancaq real nəticə yoxdur. Biz, tutaq ki, hansısa diplomatik uğurlardan haqlı olaraq məmnun ola bilərik. Çünki hər bir beynəlxalq sənəd bizim mövqeyimizi gücləndirir. Artıq bütün dünya etiraf edib ki, bizim torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb və Ermənistan vandalizm siyasəti aparıb. Yəni bütün bu beynəlxalq etiraf həm danışıqlar prosesində, həm də danışıqlardan kənarda məsələnin həlli üçün yolların açılmasında bizə lazımdır. Ancaq yenə də deyirəm ki, hələlik biz nəticə görmürük. Deyə bilərəm ki, 2008-ci il bu baxımdan həlledici il olmalıdır. Artıq 2008-ci ildə açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu ilə mümkündür, yoxsa yox. Əlbəttə ki, ondan sonra öz qərarlarımızı verəcəyik" - deyə prezident vurğulayıb. İlham Əliyev bildirib ki, danışıqlar zamanı müzakirə olunan məsələlər ictimaiyyətə artıq bəllidir. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcək: "Mən çox şadam ki, bizim prinsipial mövqeyimiz xalq tərəfindən dəstəklənir. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə etməyib və etməyəcəkdir. Dağlıq Qarabağın müstəqilliyi 10 ildən, 15 ildən, 100 ildən sonra müzakirə predmeti deyil və olmayıb. Bəzi hallarda Ermənistan rəhbərliyi tərəfindən daxili auditoriyaya ünvanlanmış qeyri-ciddi və yalan məlumatlar verilir. Onların heç bir əsası yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının boşaldılmasıdır, o cümlədən Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının qayıtmasıdır. Danışıqların mahiyyəti budur. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının boşaldılmasıdır".

Xəbər lenti

Xəbər lenti