...

Müxalifətin prezident seçkisinin ilk turunda qalib gəlmək şansı yoxdur – müxalifət lideri

Siyasət Materials 15 Yanvar 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, müxalifət düşərgəsindən hər hansı namizədin prezident seçkisinin ilk turunda qalib gəlmək şansı yoxdur.

"Reallıq odur ki, seçkinin ilk turunda çoxsaylı müxalifət namizədlərinin iqtidarın namizədi ilə mübarizədə qalib gəlməsi mümkün deyil. Yalnız seçkinin ikinci turunda birləşmiş müxalifətin vahid namizədinin qalib gəlmək şansı var"-deyə ADP sədri Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Müxalifət

düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş partiyaları prezident seçkisində öz namizədi ilə iştirak etmək barədə qərarını elan ediblər. Hakim Yeni Azərbaycan Partiyası da seçkidə indiki prezident İlham Əliyevin namizədliyini verəcəyini bəyan edib.

Cəlaloğlunun sözlərinə görə, seçkinin ilk mərhələsində müxalifət namizədlərinin birləşməsi, həmçinin ayrılıqda hər birinin Əliyevə qalib gəlməsi real görünmür: "Çünki hakimiyyətin əlində böyük resurslar, geniş təbliğat imkanları var və bunlar müxalifətdə yoxdur. Həm də müxalifət pərakəndə, dağılmış vəziyyətdədir, daxilində çoxlu zidiyyətlər, fikir ayrılıqları var"-deyə Cəlaloğlu açıqlama verib.

O, əlavə edib ki, müxalifət partiyaları ilə müqayisədə hakim Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı, maddi imkanları da çoxdur, bunun üstünə hökumətin maddi resursları da əlavə olunur və nəticədə iqtidarın seçkidə şansı artır.

Cəlaloğlu hesab edir ki, seçkinin 2-ci turu baş tutarsa, iqtidarın namizədinə rəqib olan bütün namizədlər birləşməlidir: "Bunun üçün müxalifət namizədləri indidən öhdəlik götürməlidirlər ki, seçkinin 2-ci turu olarsa, hamısı ən şanslı namizədi dəstəkləyəcək. Əks halda, həlledici məqamda birləşməmək müxalifətin ən böyük səhvi olacaq"-deyə ADP sədri bildirib.

Seçkidə öz namizədi ilə iştirak edəcək Müsavat Partiyası ADP-nin mövqeyi ilə razılaşmır və hesab edir ki, seçki ədalətli keçirilərsə, müxalifət ilk turda da qalib gələ bilər. Partiyanın mərkəzi icra aparatının rəhbri Arif Hacılı Trend ə açıqlamasında bildirib ki, ADP sədri bu açıqlaması ilə özünün seçkidə iştirakını əsaslandırmaq üçün səbəb axtarır.

"Azərbaycanın seçki təcrübəsi göstərir ki, prezident seçkisinin II turu olmur, hər şey ilk turda həllini tapır. Əgər seçki düzgün, ədalətli olacaqsa, müxalifət qalib gələcək, əgər saxtakarlıq olacaqsa, hakimiyyət seçkidə II turun keçirilməsinə imkan verməyəcək"-deyə Hacılı bildirib.

Onun fikrincə, müxalifət düşərgəsindən çoxlu sayda namizədlərin olmasına baxmayaraq, Müsavat seçkidə siyasi partiyaların deyil, ölkədə narazı kütlənin səsini qazanmaqla elə ilk turda iqtidarın namizədinə qalib gələ bilər.

Hakim Yeni Azərbaycan Partiyasında isə hesab edirlər ki, Əliyevə qarşı güclü rəqib olmadığından o, seçkinin ilk mərhələsində qalib gələcək və II tura ehtiyac qalmayacaq.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya ötən ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Sonradan ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı, Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) İsa Qəmbər 2003-cü il prezident seçkisində iştirak edib və 8 nəfər namizəd arasında 2 yerdə olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti