...

"Azadlıq" bloku müxalifətin heç bir namizədinə dəstək verməyəcək

Siyasət Materials 18 Yanvar 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" bloku prezident seçkisində iştirak etməyəcəyi təqdirdə, müxalifət düşərgəsindən heç bir namizədə dəstək verməyəcək. Bu barədə Trend ə "Azadlıq" blokunun həmsədri Lalə Şövkət açıqlama verib.

"Əgər biz seçkini boykot ediriksə, deməli bu seçkini demokratik, ədalətli hesab etmirik. Ona görə də kiməsə dəstək verə bilmərik"-deyə xanım Şövkət bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku seçkiqabağı minimal demokratik şərait yaradılmayacağı təqdirdə prezident seçkisini boykot edəcəyini açıqlayıb.

Müxalifət düşərgəsində təmsil olunan Müsavat, Ümid, Böyük Quruluş partiyaları isə seçkidə öz namizədi ilə iştirak edəcəyini açıqlayıb.

Şövkət bildirib ki, əvvəlcə seçki prosesi və seçki komissiyaları iqtidarın monopoliyasından çıxarılmalı, insan haqları, vətəndaşların sərbəst toplaşmaq hüququ və söz-mətbuat azadlığı təmin olunmalıdır: "Əks halda, seçkidə iştirak edəcək heç bir namizədin şansı olmayacaq"-deyə blokun həmsədri bildirib.

Onun fikrincə, prezident seçkisi ilə bağlı müxalifət özünü ciddi aparmalıdır, çünki bu seçki Azərbaycanın taleyində çox mühüm və məsuliyyətli məsələdir.

"Bugünkü qərarlarımıza görə biz xalqımız qarşısında cavab verməliyik"-deyə Şövkət bildirib.

"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Trend ə bildirib ki, blokun prezident seçkisini boykot etməsi seçkidə iştirak edəcək namizədlər üçün itki olacaq və onlar seçicilərin 50+1 faiz səsini qazana bilməyəcəklər. Kərimovun dediyinə görə, AXCP-nin anketləşmiş qaydada 47 min nəfər üzvü var. Vətəndaş və İnkişaf Partiyasından bildiriblər ki, partiyanın 4 minə yaxın üzvü var. Azərbaycan Liberal Partiyasının isə 40 mindən çox üzvü olduğunu bildiriblər.

Seçkidə iştiraka qərar vermiş müxalifətçi Müsavat Partiyasında isə hesab edirlər ki, "Azadlıq" blokunun bu partiyaya dəstək verməməsi onlar üçün çox böyük itki deyil. "Çünki bu seçkidə biz ayrı-ayrı siyasi partiyaların deyil, ölkənin bütün narazı elektoratının dəstəyini qazanmağa çalışacağıq"-deyə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Trend ə açıqlamasında bildirib.

MSK-nın rəsmi məlumatına görə, Azərbaycan seçicilərinin sayı 4 milyon 600 min nəfərdir. "Azadlıq" bloku üzvlərinin ümumi sayı - 91 min nəfər ölkə üzrə ümumi seçicilərin iki faizini təşkil edir.

Müxalifətçi "Azadlıq" blokunun həmsədrlərindən ALP lideri Şövkət keçmiş dövlət katibi, AXCP sədri Əli Kərimli keçmiş dövlət katibi və sabiq millət vəkilidir.

Xəbər lenti

Xəbər lenti