...

Müxalifətin hər hansı qüvvəsinin total boykota nail olması mümkünsüzdür -Azərbaycanın müxalif partiyasının sədri

Siyasət Materials 22 Yanvar 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan cəmiyyəti seçkiləri boykot etməyin əleyhinədir. "Müxalifətin hər hansı qüvvəsinin total boykota nail olması mümkünsüzdür" çərşənbə axşamı Trend ə Azərbaycanın müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Ölkənin müxalif Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarının tərkibinin dəyişməyəcəyi təqdirdə seçkiləri boykot edəcəyini bəyan edib. Bəzi ekspertlər oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi boykot yolu tutanların sayının artacağını proqnozlaşdırırlar.

Cəlaloğlu bildirib ki, yalnız total boykot təşkil olunduğu halda, onun effektindən danışmaq olar. "Təcrübə göstərir ki, boykot taktikası effekt vermir və bu taktika köhnəlib. "Azadlıq" blokunun təklif etdiyi boykotun effekti olmayacaq. Hər şeyi seçki komissiyalarının tərkibi ilə bağlamaq heç də demokratik seçki keçirmək ideyasına xidmət etmir. Əsas - demokratik seçki keçirmək iradəsinin olmasıdır" Cəlaloğlu əlavə edib.

ADP ötən ilin əvvəllərində radikal siyasi kursdan imtina edib. Partiya 2008-ci il prezident seçkilərində iştirak etmək barədə qərar verib.

Boykot taktikasını üstün tutan "Azadlıq" blokunun həmsədri Əli Əliyev isə Trend ə açıqlamasında seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşmayacağı və seçki mühitinin dəyişməyəcəyi təqdirdə yazda blokun boykotla bağlı qərar verəcəyini deyib. Onun sözlərinə görə, müxalifət boykot taktikasını seçsə, beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı seçkilərə yönəldə biləcək və ictimaiyyətə seçkilərin qeyri-demokratik keçəcəyini sübut edəcək.

Xəbər lenti

Xəbər lenti