...

Daha bir müxalifət partiyası prezident seçkisində öz namizədi ilə iştirak edəcək

Siyasət Materials 23 Yanvar 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan daha bir partiya prezident seçkisində iştirak edəcək.

"Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri prezident seçkisində partiyanın öz namizədi ilə iştirakını istəyir" -deyə KXCP-nin sədri Mirmahmud Mirəlioğlu çərşənbə günü Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük quruluş partiyaları seçkidə öz namizədi ilə iştirak edəcəyini açıqlayıb. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku minimum demokratik seçki şəraiti yaradılmayacağı təqdirdə, prezident seçkisini boykot edəcəyini bildirib.

Mirəlioğlu bildirib ki, KXCP-nin prezident seçkisində öz namizədi ilə iştirak etməsi barədə qəti qərarı var. Onun görə də partiya üzvlərinin Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyini irəli sürməsi gözlənilir.

Mirəlioğlunun sözlərinə görə, bu barədə qərar partiyanın Məclisində qəbul ediləcək.

KXCP sədri hesab edir ki, müxalifət bütün qüvvələrini səfərbər etmək imkanını əldən verməsə, seçkidə qalib gəlmək şansı olacaq: "Hətta müxalifət düşərgəsindən çoxlu sayda namizədlər olsa belə, müxalifətin fikirdə və əməldə birliyi olarsa, istənilən məqsədə çatmaq mümkündür. Bu seçkidə hər bir namizəd öz gücünü, imkanlarını, sosial bazasını təhlil edəcək və kimlərsə başa düşəcək ki, çox uzağa gedə bilməyəcəklər. Ona görə də daha şanslı namizədi dəstəkləyəcəklər" - deyə Mirəlioğlu bildirib.

KXCP sədri "Azadlıq" blokunun boykot barədə çağırışlarına da hörmətlə yanaşdığını, lakin seçkidə mütləq iştirakın tərəfdarı olduğunu deyib.

Müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyası Azadlıq və Milli Demokratiya partiyaları ilə birgə, Demokratiya Uğrunda İttifaqda təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə AXCP-nin iki yerə parçalanmasından sonra partiyanın "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ilin martında partiyanın adında dəyişiklik edilərək, KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti