...

İran beynəlxalq narkomafiyalara qarşı mübarizədə Azərbaycanla əməkdaşlıqdan imtina edir

Siyasət Materials 21 Fevral 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir İ.Əlizadə/ İran beynəlxalq narkomafiyalara qarşı mübarizədə Azərbaycanla əməkdaşlıqdan imtina edir. "Azərbaycan ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olaraq cinayət törədən və hüquq mühafizə orqanları tərəfindən ifşa edilən transmilli cinayətkar qrupların İrandakı üzvləri bəzi hallarda cəzasız qalırlar. İran belə cinayətkarların cəzalandırılması ilə bağlı Azərbaycan tərəfinin sorğularına cavab vermir" - deyə cümə axşamı Trend ə açıqlamasında BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının milli koordinatoru Məzahir Əfəndiyev bildirib.

Əfəndiyevin sözlərinə görə, İran tərəfi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qrupların üzvlərini cəzalandırmağa bəzi hallarda maraq göstərmir, məlumatların çatışmazlığını bəhanə gətirir.

"Azərbaycan ərazisində cinayət törədən transmilli cinayətkar qrupların İranda olan üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması çətin olur. Çünki Azərbaycan bunu özü edə bilmir. Azərbaycan yalnız beynəlxalq prosedura uyğun olaraq həmin cinayətkarların məsuliyyətə cəlb olunması üçün İnterpola müraciət edir" - deyə Əfəndiyev əlavə edib.

Milli koordinator qeyd edib ki, İrandan Azərbaycana keçirilən narkotik maddələrin miqdarının çoxluğu və bu yüklərin İran sərhədçiləri tərəfindən aşkar olunmaması müəyyən şübhələr yaradır: "Bu faktlar İranda Azərbaycan ərazisinə narkotik maddələrin keçirilməsi ilə bağlı məqsədyönlü halın olduğuna dair fikirlərin səsləndirilməsinə səbəb olur. Bununla bağlı sualda bir məntiq var".

Xəbər lenti

Xəbər lenti