...

İran MAQATE ilə əməkdaşlığını dayandıra bilər - ABŞ eksperti

Siyasət Materials 23 Fevral 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir D.Xatınoğlu/ BMT Təhlükəsizlik Şurasının İran əleyhinə yeni Qətnamə qəbul etməsi rəsmi Tehranın MAQATE ilə əməkdaşlığına əngəl törədə bilər. "İran MAQATE ilə əməkdaşlığını dayandıra bilər" - deyə amerikalı ekspert Möhsün Sazegara Trend ə bildirib.

MAQATE sədri Məhəmməd Əl-Bəradei fevalın 22-də İranın nüvə planına dair hazırladığı məruzəni BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib. Bu məruzədə İranın MAQATE ilə əməkdaşlığının artması qeyd olunsa da, İranın hələ də bəzi əsas şübhələrə tam aydınlıq qətirməkdən imtina etdiyi bildirilib. BMT TŞ-nin daimi üzvləri rəsmi Tehran əlehinə 3-cü Qətnamənin ilkin variantını hazırlayıb. İran rəsmiləri ölkə əleyhinə hər hansı növ yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə, "sərt və ciddi reaksiya" verəcəklərini bildiriblər.

Sazegara şənbə günü Vaşinqtondan telefonla Trend ə bildirib ki, İranın sərt reaksiyası MAQATE ilə əməkdaşlığı kəsmək, yaxud Nüvə Əleyhinə Konvensiyadan (NPT) imtina etməsi ola bilər. "Təhlükəsizlik Şurasının yeni Qətnaməsində İranın Melli və Saderat banklarına embarqa tətbiq olunacaq, bu ölkə rəsmilərinin xarici ölkələrə səfərlərinə qadağa qoyulacaq və xarici şirkətlərin İrana idxal olunan malları sığortalaması və onları kreditlə zəmanət etməsinin qarşısı alınacaq. İndiyədək İran əleyhinə tətbiq olunan sanksiyalar milyardlarla dollar həcmində İrana ziyan vurub. İran BMT TŞ-nin tələblərini yenə də yerinə yetirməsə, İranın neft sənayesinə embarqa qoyulacağı da istisna olunmur" - deyən Sazegara əlavə edib ki, İranın nüvə planından qazancı və itirdikləri müqayisə olunmaz səviyyədədir. "Həmçinin ölkə rəsmilərinin iddiasına baxmayaraq, nüvə planına dair şübhələrə tam aydınlıq gətirilməyib. İranın davamlı olaraq ballistik raketləri sınaqdan keçirməsi, İsraili "yer üzündən silmək" kimi təhdidləri və "Nətənz" nüvə stansiyasında yeni santrifuqalar quraşdırması beynəlxalq ictimaiyyətdə böyük narahatlıq yaradıb" - deyə ABŞ eksperti Sazegara bildirib.

Əl-Bəradeinin İranın nüvə planına dair növbəti məruzəsi İran rəsmiləri tərəfindən müsbət dəyərləndirilib. İranın İRNA Agentliyinin fevralın 23-də yaydığı məlumata əsasən, ölkənin dövlət sözçüsü Qulamhüseyn İlham MAQATE-nin yeni məruzəsini müsbət dəyərləndirərək, İranın nüvə planının sülhməramlı olmasının bir daha sübut olunduğunu vurğulayıb. Digər tərəfdən, BBC-nin bu gün yaydığı məlumata əsasən, ABŞ Xarici İşlər İdarəsinin sədri Kondoliza Rays isə bildirib ki, Əl-Bəradeinin məruzəsi İranın gizli nüvə planının təhlükəli olmasını göstərir.

Əl-Bəradei məruzəsində İranın nüvə planının dinc məqsədli olmasına tam əmin olmadığını qeyd edib, lakin bununla belə həmçinin vurğulayıb ki, rəsmi Tehran MAQATE ilə əməkdaşlığını artırıb.

Xəbər lenti

Xəbər lenti