...

Müxalifətin Seçki Mərkəzi partiyaları Dağlıq Qarabağa dair öhdəlikdən imtina etməyə çağırır

Siyasət Materials 25 Fevral 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın 9 müxalifət partiyasının təmsil olunduğu Demokratik Seçki Mərkəzi (DSM) Azərbaycanın müxalifət partiyalarını Avropa Şurası qarşısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməyə çağırır.

DSM-də Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası təmsil olunur.

"DSM adından sənədə imza atmış müxalifət partiyalarının sədrlərinə müraciət olunacaq" - deyə bazar ertəsi Bakıda keçirilən "Qarabağ forumu"nda Mərkəzdə təmsil olunan Milli-Demokrat Partiyasının sədri İsgəndər Həmidov bildirib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbacyan Liberal partiyalarının rəhbərləri də imza atıblar.

Həmidovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu hərbdən keçdiyinə görə, həmin müxalifət partiya sədrləri özlərində cəsarət tapıb imzalarını geri götürməlidir.

ADP-nin həmin dövrdə sədri olmuş İlyas İsmayılovun bildirdiyinə görə, həmin sənədə imza atdığı üçün təəssüf hissi keçirmir.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, DSM-in bu tələbi mənasızdır. Onun fikrincə,

sənədə imza atmış partiyalar DSM-in bu tələbinə heç bir əhəmiyyət verməyəcək.

"Həmin partiyalar imzalarını geri götürəcəklərini elan etsələr belə, onların bu addımlarına fikir verilməyəcək. Bu sadəcə real iş görə bilməyən müxalifət partiyalarının ictimaiyyəti aldatmaq üçün gözə kül üfürməsidir" - deyə Əlizadə bildirib.

Xəbər lenti

Xəbər lenti