...

Vatikanın dövlət katibinin səfər proqramı açıqlanıb

Siyasət Materials 5 Mart 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.Ağayeva / Martın 6-dan 9-na kimi Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində dövlət katibinin Azərbaycanın prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Bu haqda Trend a Azərbaycandakı katolik kilsənin rəhbəri Yan Çapla məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində əlamətdar hadisə Bakı şəhəri, Orucov küçəsində yeni katolik kilsəsinin açılış mərasimi olacaq. Hökumətin yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri, din xadimləri və əcnəbi qonaqların iştirakı ilə açılış mərasimi martın 7-də günorta saatlarına təyin olunub.

Martın 8-də kardinal Bertone "Təzə Pir" məscidi, müqəddəs Jen-Mironosits kafedral pravoslav kilsəsi və sinaqoqa baş çəkəcək. Eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşəcək.

Martın 9-da Bertone Azərbaycan katolikləri üçün açılmış yeni kilsədə Messa ibadəti keçirəcək. Arzu edənlər tədbirdə iştirak edə bilərlər. Messa səhər saat 11-də başlayacaq və bütün icmalar üçün nəzərdə tutulub. İbadətin dili - latın dilidir.

"Kardinalın səfəri Vatikanın xoş məramını əks etdirəcək" - deyə Çapla bildirib.

Xəbər lenti

Xəbər lenti