...

ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təəssüfləndiyni bildirib

Siyasət Materials 6 Mart 2008 13:26 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təəssüfləndiyni bildirib

Azərbaycan, Bakı, 06 mart / " müxbir A.Qasımova/ ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qoşunlarının təmas xəttində hərbi əməliyyatlarla bağlı təəssüfləndiyi bildirib. Bu barədə çərşənbə günü Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bəyan edib.

"Biz hər iki tərəfə öz narahatlığımızı ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza vasitəsilə bildirmişik. O, hazırda Bakıdadır, sabah isə Ermənistanda danışıqlar aparacaq" - deyə Keysi bildirib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin bir neçə istiqamətində növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən martın 5-də verilən məlumata gbrə, atışma nəticəsində Ermənistan tərəfi 12 hərbi qulluqçusunu itirib, 15 əsgəri isə yaralanıb. Azərbaycan tərəfindən dörd əsgər ölüb, biri isə yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbi sabitdir.

Keysinin sözlərinə görə, münaqişə tərəfləri güc göstərməkdən qaçmalı və münaqişənin diplomatik həlli yollarının tapılması üçün ATƏT-in Minsk qrupu ilə birgə işləməyin vacib olduğunu anlamalıdırlar. Ermənistanda seçki sonrası qeyri-sabit vəziyyətə toxunan Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Brayzanın səfərdə əsas məqsədi hökumət və müxalifət arasında dialoqa yardım göstərilməsi üçün imkanların öyrənilməsidir. "Onun Ermənistan hakimiyyətinə əsas müraciətlərindən biri vəziyyətin stabilləşdirilməsi olacaq və bizim üçün fövqəladə vəziyyətin ləğvini görmək çox vacibdir. Biz həmçinin "Azadlıq" radiostansiyası da daxil olmaqla, KİV-ə münasibətdə tətbiq edilən məhdudiyyətlərdən narahatıq. Biz onların ləğv olunmasını istərdik. Bu təkcə bizim üçün deyil, bu dövrdə açıq informasiya əldə etmək hüququna malik olan Ermənistan xalqı üçün də mühümdür" - deyə Keysi vurğulayıb.

Bazar günü prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı keçirdikləri nümayişlər polis qüvvələri tərəfindən dağıdılan zaman yaranmış qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə günü və bazar günü gecə Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.

Fevral ayının 20-dən Yerevanda müxalifət tərəfindən təşkil olunmuş oturaq mitinqlər, yürüşlər, eləcə də tələbə tətilləri keçirilir. Bu aksiyaların təşkilatçıları və iştirakçıları fevralın 19-da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı MSK-nın yaydığı nəticələrə etirazlarını bildirirlər. Əhalinin etiraz aksiyasının amansızcasına yatırılmasından sonra bir çox müxalifətçilər həbs edilib və onların taleyi hələ də naməlumdur.

MSK-nın yekun məlumatlarına əsasən, seçicilərin 52,82 faiz səsini toplayan fəaliyyətdə olan Baş nazir Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İkinci yerdə 21,5 faiz səslə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qərarlaşıb.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. Təsdiq olunmamış məlumatlara görə, münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insal həlak olub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti