Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir S.İlhamqızı/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Trend Agentliyinə müsahibəsi
- Hicran xanım, Azərbaycan qadınlarının bu gün hansı mühüm problemləri var və qadınlarımızın dövlətdən istəyi nədir?
- Mən bütün qadınlarımızı 8 Mart bayramı münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, qadınlarımız təkcə 8 mart günü deyil, hər gün diqqət və qayğı ilə əhatə olunmağa layiqdirlər.
Azərbaycan qadınlarının problemləri çoxdur. Amma mən hesab edirəm ki, ən mühüm problemləri onların öz hüquqlarını bilməməsindən qaynaqlanır. Bunun üçün çoxlu maarifləndirmə işi aparılmalıdır. Nə vaxt qadınlarımız bütün hüquqlarını biləcəklər, o zaman da əksər problemləri həllini tapacaq.
Dövlətdən istəklərinə gəldikdə, deməliyəm ki, dövlət tərəfindən qadınlara qarşı hər bir diqqət və qayğı göstərilir. Amma fikrimcə, biz artıq kömək umma fəlsəfəsindən tam uzaqlaşmalı, imtina etməliyik. Qadınlarımız oturub gözləməməlidir ki, kimsə onlar üçün nəsə edəcək, yardım göstərəcək. Hər bir qadın özü fikirləşməlidir ki, məsələn, sağlamdırsa nə üçün işləməsin, nə üçün ailədə öz hüquqlarını bilməsin? Bəzən olur ki, ailəli qadını evdən qovurlar. Nə üçün? Çünki 15-16 yaşında ərə gedib, öz hüquqlarını bilmir, mülkiyyət hüququ, yaşadığı evdə qeydiyyatı yoxdur və sair. Belə qadınların dünyaya gətirdiyi uşağın hətta bəzən şəxsiyyət vəsiqəsi də olmur. Bunu ki dövlət etməyib, bu, həmin qadınların özünün səhvidir.
Son zamanlar valideynlərdə qəribə bir fikir yaranıb, yalnız onu düşünürlər ki, qızını dərhal ərə verməlidir. Hətta qız uşağı doğulan kimi artıq valideynlər bu barədə fikirləşməyə başlayırlar ki, tez ərə verim. Amma valideynlər ilk növbədə fikirləşməlidirlər ki, qızı təhsil alsın, inkişaf etsin, əsil vətəndaş olsun.
Doğrudur, ailə amili Azərbaycan xalqının mentalitetində mühüm yer tutur. Amma mənim fikrimcə, qızların ərə verilməsi kompleksi mentalitetdən irəli gəlmir. Biz hamımız Azərbaycanda doğulub-böyümüşük. Şəxsən mən belə görmüşəm ki, bizim ailədə qızın qarşısına qoyulan birinci şərt oxuyub təhsil alması, savadlanması olub. Əlbəttə, qızlarımıza ailə də lazımdır, ailə, uşaq, həyat yoldaşı bizim qadınlarımız üçün müqəddəs amillərdir və bu mental xüsusiyyətimizdən qaynaqlanır. Amma Azərbaycan qadınının xüsusiyyəti və özəlliyi ondan ibarətdir ki, bizim qadınlar bütün işlərin hamısını çatdırırlar. Həm ailəsinə baxır, həm də işləyir, cəmiyyətdə öz yerini tuturlar. Əgər hansısa qadınlar bunu etmirsə, deməli öz hüquqlarını bilmirlər. Yox əgər hüquqlarını bilib etmirlərsə, deməli bu, ya onların tənbəlliyindən, ya da özünə hörmətsizliyindən irəli gəlir.
Dövlət Komitəsi olaraq biz məhz bu yöndə işləyirik, qadınlar arasında maarifləndirmə işləri aparırıq.
Həmçinin nigaha daxil olmaq üçün yaş həddinin artırılması, nigaha girənlərin öz sağlamlıqları barədə bir-birinə məlumat verməsi ilə əlaqədar Milli Məclisə təkliflər paketi təqdim etmişik.
- Kimsəsiz uşaqların övladlığa verilməsi sahəsində irəliləyişlər varmı?
- Yeni ildən bəri təxminən 5-6 ailə övladlığa uşaq götürüb. Ailələrə övladlığa verilən uşaqların sayının günü-gündən artması vacib məsələ deyil. Vacib olanı odur ki, bu işdə səhvə yol verilməsin, düzgün ailələr seçilsin. Yəni, elə olmasın ki, uşaqları övladlığa götürən ailələr sonradan onları geri qaytarsınlar, yaxud başqa formada problemlər ortaya çıxsın.
Deinstulizasiya ilə bağlı Koordinasiya Şurası yaradılıb və bura daxil olan hər bir dövlət qurumunun vəzifəsi odur ki, kimsəsiz uşaqlar, onları övladlığa götürən ailələrlə işini gücləndirsin. Uşaqların ailələrə verilməsi problemi ilə məşğul olmaq daha çox bizim Komitənin üzərinə düşür. Biz araşdırmalar aparırıq ki, hansı ailələrin nə kimi imkanları var, onlar bu uşağı saxlamağa qadirdir, ya yox. Bu işdə dövlət tərəfindən nə qədər vəsaitin ayrılmalı olduğu da öyrənilir, həmin uşaqların ailələrdə normal şəraitdə yaşaması üçün bir uşağın payına nə qədər məbləğ düşdüyü araşdırılır. Bu vəsait konkret olaraq həmin uşağın adına ayrılacaq. Amma ailələri bilməlidir ki, bu məbləğə görə məsuliyyət daşıyırlar və düzgün istiqamətə sərf etməlidirlər.
Biz övladlığa verilən uşaqları nəzarətdə saxlayırıq, amma bunun üçün sosial işçilərin sayını artırmalıyıq. Yəni, övladlığa verilən uşaqların ailələrdə yaşayışına nəzarət edən psixoloq-nəzarətçilər olmalıdır.
Bundan başqa, uşaq evlərinin, internatların forması dəyişməli, onlar daha çox reabilitasiya mərkəzlərinə, ailələrə dəstək mərkəzlərinə sevrilməlidirlər.
- Azərbaycanlı uşaqların xarici vətəndaşlara övladlığa verilməsinə nəzarət edilirmi? Uşaqlarımızın adları-soyadları, milliyyəti dəyişdirilirmi?
- Uşaqlarımızın xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlı köhnədən qalmış işlər var idi, bir neçə əcnəbi neçə il əvvəldən bunun üçün növbəyə durmuşdu. Biz onlara da nəzarəti gücləndirmişik. Köhnə sənədləri araşdırdıq, həmin əcnəbilərdən tələb etdik ki, bizə yenidən sənədləri təqdim etsinlər. Hələlik bu işdə ciddi problem ortaya çıxmayıb.
Dövlət Komitəsi beynəlxalq övladlığa götürülmə ilə bağlı akreditasiya şərtlərini araşdırır. Neçə il əvvəldən növbəyə durmuş bəzi əcnəbilər sonradan fikrini dəyişiblər və biz onların sənədlərini özlərinə qaytarmışıq.
Ümumilikdə daha çox ABŞ, Avropa ölkələrindən olan vətəndaşlar bizim uşaqlarımızı övladlığa götürmək üçün müraciət edirlər.
Əlbəttə, əcnəbilər övladlığa götürdüyü uşağa öz soyadını verə, hətta onun şəxsiyyət vəsiqəsində özünün milliyyətini yazdıra bilər. Hər bir ailənin buna hüququ var. Mən bunu böyük problem kimi görmürəm.
Amerikada hamı amerikalıdır, millət sözü işlədilmir, orada hər millətdən olan insanlar yaşayır. Əsas məsələ olur ki, uşaqlarımızı övladlığa götürən ailələrlə əlaqə saxlayaq və nəzarət edək ki, bu uşaqların hüquqları qorunur, yoxsa yox. Həm də əlaqə saxlayaraq çalışmalıyıq ki, bu uşaqlar öz vətənlərini unutmasınlar.
ABŞ-da valideynlər tərəfindən azərbaycanlı uşaqların övladlığa götürülməsi ilə bağlı Assosiasiya yaradıblar. Bu Assosasiya tez-tez görüşlər keçirir, Azərbaycan günləri təşkil edir, çalışır ki, o uşaqlar öz dilini, mədəniyyətini, tarixini unutmasınlar. Biz də onlarla əlaqə yaratmaq niyyətindəyik ki, gələcəkdə azərbaycanlı uşaqlar bura, öz vətənlərinə gəlib-getsinlər. Övladlığa götürənlər də adətən çalışırlar ki, bu uşaqlar öz vətənləri ilə əlaqə saxlasınlar.
Azərbaycanla bağlı çox maraqlı bir nümunə yaxın keçmişimizdə olub. İtaliyanın Azərbaycandakı keçmiş səfiri xanım Marqarita Kosta azərbaycanlı uşağı övladlığa götürmüşdü. Həm də həmin uşaq ölüm ayağında idi, heç kəs onun sağalacağına inanmırdı. Amma səfir xanım böyük vəsait sərf edərək həmin uşağı sağaltdı və özünə övladlığa götürdü. O, uşağa iki ad verib, biri italyan adı, digəri Rauf - azərbaycanlı adı. Xanım Kosta bu uşağın xətrinə Azərbaycanda ev alıb, hər il uşaqla bura gəlir ki, uşaq azərbaycanlı olduğunu bilsin, vətənini görsün.
Biz belə fatkları təbliğ etməli və uşaqların sağlam, xoşbəxt gələcəyi, qadınların savadlanması üçün maarifləndirmə işlərini gücləndirməliyik.