...

İran qadınlarının ictimai hüquqları daha da məhdudlaşdırılıb - Baş katib

Siyasət Materials 7 Mart 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir D.Xatınoğlu/ İran hüquq müdafiəçiləri bəyan edirlər ki, son bir ildə ölkə qadınlarının hüquqlarının pozulması halları çoxalıb. "İran qadınlarının ictimai hüquqları daha da məhdudlaşdırılıb" - deyə, İran Mətbuat Assosiasiyasının Baş katibi Bədrəssadat Mofidi Trend a bildirib.

Qadın hüquq müdafiəçiləri son bir ildə, iranlı qadınların sosial hüquqlarının pozulması hallarının artdığını bildirirlər. 2007-ci ildə Beynəlxalq Qadınlar Günü (8 Mart) İranda 33 qadın hüquq müdafiəçisi həbs olunub.

İranlı jurnalist Mofidi cümə günü Tehrandan telefonla Trend a bildirib ki, rəsmi statistikaya görə, ölkə jurnalistlərinin yarısını qadınlar təşkil etsə də, hakimiyyət onlara qadın hüquqlarından yazmağa imkan vermir. " Son bir ildə, bu sahədə fəaliyyət göstərən bəzi mətbuat, xüsusilə 16 il fəaliyyət göstərən "Qadın" jurnalı, hakimiyyət tərəfindən bağlanılıb. İran prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründən etibarən, Ədliyyə nazirliyindən əlavə, dövlətin özü də söz azadlığına mane olur və müxtəlif bəhanələrlə qadın haqlarını müdafiə edən nəşrləri məhkəməyə verir"-deyə, Mofidi bildirib.

Digər iranlı hüquq müdafiəçisi Zəhra İrfani (Zahra Erfani) bu gün Trend a müsahibəsində bildirib ki, İranda qadın hüquq müdafiəçilərinə şallaq, həbs və digər ağır cəzalar kəsilsə də, hüquq müdafiəçiləri fəaliyyətlərini davam etdirirlər. "Iran hakimiyyəti qəddarlıqla qadınların ən adi haqlarını pozmaqdadır"-deyə, Mütərəqqi Qadınlar Təşkilatının (Progressiv Woman Organization) sədri İrfani telefonla İsveçrədən bildirib.

İrfani əlavə edib ki, İran qadınlarının hüquqlarını müdafiə etmək məqsədilə, martın 7- də Brüsseldə "İranda qadın azadlığı hərəkatı", "Qadının fərdi və ictimai azadlığı" və bu səpgili mövzularda konfrans keçiriləcək"-deyə, O əlavə edib ki, sabah Belçikada İran səfirliyi və Avropa Birliyinin Brüsseldəki iqamətgahı qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar.

İranda 2005-ci ildən etibarən, "Bir Milyon Imza Kampaniyası", "Daşqalaqsız Qanun" və digər qadın hüquq- müdafiə təşkilatları fəaliyyət göstərir. Keçən ildən indiyədək bir çox hüquq müdafiəçiləri və fəallar həbs cəzasına məruz qalıb. Xüsusilə, "Bir Milyon Imza Kampaniyası"-nın fəalı, Delaram Əli 2 il həbs, 10 şallağa məhkum olunub. Nuşin Xorasani və Pərvin Ərdəlan 3 il müddətinə azadlıqdan məhrum olmaq cəzası alıb, Cilvə Cəvahiri, Məryəm Hüseynxah və digər fəallar isə, böyük məbləğdə (110 min dollar) qirov qoyulmaqla, azadlığa buraxılıb.

İranda qadınların kişilərlə bərabər hüquqa malik olması, qadınların daşqalağının dayandırılması, fərdi və ictimai azadlığı və digər tələblərin həyata keçirilməsi qadın hüquq müdafiəçilərinin ən əsas tələbidir. Hakimiyyət "Milli təhlükəsizliyi pozmaq" ittihamı ilə qadın hüquq müdafiəçilərini məhkəməyə verib, onların hərəkatını dayandırmaq istəsə də, hüquq müdafiəçilərinin fəaliyyətlərinin daha da dərinləşməsi və güclənməsi müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti