...

Rəşid Dustumun həbsı Əfqanıstanda siyasi qarşıdurmaya səbəb olacaq - ekspertlər

Siyasət Materials 13 Mart 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Əfqanıstanda etnik özbəklərin lideri general Rəşid Dustumun həbs edilməsi barədə qərar ölkədəki nisbi sabitliyin pozulması ilə nəticələnə bilər. "Rəşid Dustumun həbs edilməsi qərarı siyasi gərginliyə və etnik özbəklərin kütləvi aksiyalarına səbəb olacaq" - deyə əfqanıstanlı deputat Xalid Pəştum (Khalid A.Pashtoon) Trend a bildirib.

"Independent" qəzetinin verdiyi məlumata əsasən, Əfqanıstanın Ali Məhkəməsi özbək əsilli general Rəşid Dustumun (Rashid Dostum) ölkədəki türkmənlərə qarşı apardığı kütləvi qətillərdə təqsirli bilərək, vəzifəsi əlindən alınmaqla həbsinə qərar verib. Xəbərdə Dustumun Ali Məhkəmənin qərarına etiraz olaraq, Əfqanıstan hökumətini təhdid etməsi və bəzi əyalətlərdə ordu ilə özbək əşirətlər arasında silahlı toqquşma yarandığı da xəbər verilir.

"Əfqanıstan hökuməti ölkədəki stabilliyin pozulmaması üçün Dustuma qarşı belə bir addım atmamalıdır"-deyə Əfqanıstan Milli Assambleyasının Daxili Təhlükəsizlik Komitəsinin sədr müavini Pəştum cümə axşamı Kabildən telefonla bildirib.

Pakistanlı politoloq Əbdülhəy Anis də hesab edir ki, Dustumun həbs edilməsi barədə qərar Əfqanıstanda nisbi stabilliyin pozulması ilə nəticələnə bilər. "Rəşid Dustumun həbsi barədə qərar hakimiyyətin özünün nəyə qadir olduğunu göstərmək üçün atdığı addımdır" - deyə Anis cümə axşamı İslamabaddan telefonla Trend a bildirib.

Onun fikrincə, Dustumun həbsi özbək əşirətlərinin digər müxalif qüvvələrlə birləşməsi ilə nəticələnə bilər. "Əfqan xalqı hakimiyyətdən islahatlar gözləyir" - deyə Anis qeyd edib.

Ekspert hesab edir ki, Əfqanıstın hökuməti xalqın rəğbətini qazanmaq üçün bu kimi islahatları bundan sonra davam etdirəcək.

Dustum 1980-ci ildə keçmiş SSRİ-nin müttəfiqi olan Əfqanıstan Xalq Demokratik Partiyasının tərəfdarı olub. Daha sonra Dustum ölkədəki siyasi vəziyyətdən asılı olaraq, müxtəlif mücahid qruplarla koalisiya təşkil edib. "Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Dustum ölkənin şimalında özbək hökuməti qurduğunu elan edərək Şimal Alyansının tərkibində Taliblərə qarşı mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti