...

31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Siyasət Materials 29 Mart 2008 22:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend / 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

Müraciətdə qeyd edilir ki, hər il olduğu kimi, bu il də 31 Mart dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günüdür.

Təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirdiklərini bildirən dövlətimizin başçısı vurğulamışdır ki, mifik "böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. 

Azərbaycan Prezidenti diqqətə çatdırmışdır ki, erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Lakin Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları  getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur.

Azərbaycanın dinamik inkişaf edən dövlət olaraq həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul edildiyini vurğulayan dövlətmizin başçısı qeyd etmişdir ki, nə qədər ağır olsa da biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional layihələrdən təcrid etmişdir. Bu ölkədəki siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar  siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar və davakar siyasətindən nə qədər tez imtina etsə, qonşularla siyasətini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün bir o qədər yaxşı olar.

Azərbaycan Prezidenti müraciətinin sonunda bildirmişdir ki, biz ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin ifşasına nail olacağıq.

Xəbər lenti

Xəbər lenti