...

Azərbaycan Parlamenti Hesablama Palatası əməkdaşlarının əmək haqlarını artırıb

Siyasət Materials 1 Aprel 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti Hesablama Palatası əməkdaşlarının əmək haqlarını artırıb. Dəyişikliyə əsasən, Palatanın sədri Milli Məclis sədrinin birinci müavini, Palata sədrinin müavini Milli Məclis sədrinin müavini, Palatanın auditorları Parlamentin daimi komissiya sədrləri, Palatanın işçiləri isə Parlament Aparatının əməkdaşları qədər aylıq maaş və təminatlar alacaqlar. "Hesablama Palatası əməkdaşlarının əmək haqqı aşağıdır. Effektiv fəaliyyət göstərmək üçün əmək haqlarının artırılmasına ehtiyac var", - deyə Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Parlamentin iclasında "Hesablama Palatası haqqında" qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Komissiya sədri qeyd edib ki, dünyanın əksər ölkələrində Hesablama Palatası əməkdaşlarının əmək haqqı Parlament Aparatı, Prezident Aparatı və Nazirlər Kabineti Aparatı əməkdaşlarının əmək haqqı ilə (20%-də əlavə) eyni miqdarda olur.

"Qanuna təklif olunan dəyişiklikdə Hesablama Palatası əməkdaşlarının əmək haqqının Milli Məclis Aparatı əməkdaşlarının əmək haqqı miqdarında olması nəzərdə tutulub", -deyə Səmədzadə bildirib.

Parlament Hesablama Palatasının dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlamaq üçün hazırladığı 80-ə yaxın cədvəl formasının da təsdiqlənməsi ilə bağlı əlavəni də təsdiqləyib. Səmədzadə bildirib ki, Palata həmin cədvəlləri dövlət orqanlarına göndərir. Lakin bir çox hallarda dövlət orqanları cədvəlləri vaxtlı-vaxtında Hesablama Palatasına qaytarmır. Qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət orqanları bir ay müddətində cədvəlləri Palataya qaytarmalıdır. Hesablama Palatası sədri öz qərarı ilə bunu etməyən idarə və təşkilatların xəzinə və bank hesabları (qanunvericilikdə nəzərdə tutulan müdafiə olunan xəzinə və bank hesabları istisna olunmaqla) üzrə hesablaşma əməliyyatlarının dayandırılması barədə təqdimatlar verir.

Başqa bir dəyişiklikdə isə Naxçıvan Muxtar Respublikasında Hesablama Palatasının yaradılması nəzərdə tutulub.

Parlament qanuna təklif olunan əlavə və dəyişiklikləri təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti