Azərbaycan, Bakı, 08 aprel / Trend müxbir C.Babayeva/ Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri postuna iki şəxs namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə çərşənbə axşamı "TrednNews"a AMDP-nin keçmiş sədrinin müavini, partityanın qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli məlumat verib.
Azərbaycan müxalifətini təmsil edən Milli Demokrat Partiyasının sədri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov siyasətdən getdiyini bəyan edib. Partiya qurultaya hazırlaşır və bunun üçün Təşkilat Komitəsi yaradılıb. Hazırda AMDP-yə rəhbərliyi sədrin müavini Xəlillinin başçılıq etdiyi etdiyi qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir.
Xəlillinin sözlərinə görə, sədrliyə namizədliyini irəli sürmək niyyətində olanlar Siyasi Şuranın keçmiş üzvü Eldar Tağıyev və Nəzarət Təftiş Komissiyasının üzvü Şaban Nəsirovdur.
"Partiya sədrliyinə iddialı olanlar hələ yazılı şəkildə müraciət təqdim etməyiblər", deyə Xəlilli bildirib.
Xəlillinin bildirdiyinə görə, Təşkilat Komitəsi qurultaya hazırlıq işləri aparır və iki ay ərzində partiyanın rayon təşkilatlarının konfransları keçiriləcək.
"Qurultayda yeni sədrin seçilməsi ilə yanaşı, Nizamnaməyə dəyişikliklər və partiya adının dəyişdirilməsi ilə bağlı təkliflər müzakirə olunacaq", deyə Xəlilli bildirib.
Azadlıq Partiyası və AMDP-nin birləşib birgə fəaliyyət göstərməsi məsələsinə münasibət bildirən Xəlilli bildirib ki, Azadlıq Partiyasının sədri Əhməd Orucun bununla bağlı bir neçə təklifi partiyaya daxil olub və həmin təkliflər qurultayda müzakirə olunduqdan sonra qərar qəbul olunacaq.