...

Azərbaycan Türkiyədən xilasetmə texnikası alacaq - nazir (video)

Siyasət Materials 11 Aprel 2008 15:07 (UTC +04:00)
Azərbaycan Türkiyədən xilasetmə texnikası alacaq - nazir (video)

Azərbaycan, Bakı, 11 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Türkiyədən fövqəladə hallar zamanı istifadə olunan xilasetmə texnikası alacaq. "Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Türkiyədən ən müasir texnikaları almaq istəyir. Hazırda bununla bağlı danışıqlar aparılır. İnanıram ki, buna nail olacağıq", - deyə cümə günü Azərbaycanın fövqələdə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakıda səfərdə olan Türkiyənin dövlət naziri Cəmil Çiçəklə görüşündə bildirib.

Heydərovun dəvətilə Çiçək aprelin 10-da Azərbaycana iki günlük rəsmi səfərə gəlib. Səfərdə məqsəd Azərbaycan və Türkiyə FHN-ləri arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Nazir qeyd edib ki, Azərbaycan Turkiyədən yanğınsöndürən, fövqəladə hallar zamanı insanların xilas edilməsində istifadə olunan texnikalar almağı planlaşdırır. FH-nin iki il əvvəl yaradıldığını bildirən Heydərov vurğulayıb ki, Azərbaycan bu sahədə Türkiyənin təcrübəsindən geniş şəkildə istifadə edir.

"Nazirlik yaradıldığı ilk gündən Türkiyənin yardımını hiss etmişik. Bu yardımların səmərəsini indi də görürük. Bu gün bəzi məsələlərdə Türkiyənin təcrübəsindən daha çox istifadə edirik və bunun səmərəsini görürük", - deyə nazir əlavə edib.

Türkiyənin dövlət naziri Çiçək isə bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daim inkişaf edir və bu əməkdaşlıq digər ölkələr üçün nümunədir: "Azərbaycanla Türkiyə arasında olan əməkdaşlıq sülhə və sabitliyə xidmət edir və bölgə üçün böyük əhəmiyyətə malikdir".

Türkiyəli nazir qeyd edib ki, fövqəladə hallara hazır olmaq lazımdır. Çiçək hesab edir ki, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var: "İki ölkə nümayəndələrinin görüşüb, bu məsələləri müzakirə etmələri vacibdir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti